...

Sərdar Cəlaloğlu Aydın Quliyev və Akif Şahbazov barəsində məhkəmələrə və Ədliyyə Nazirliyinə şikayət verdi

Siyasət Materials 14 Fevral 2007 14:10 (UTC +04:00)

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu bu gün - fevralın 14-də Ədliyyə Nazirliyinə və məhkəmələrə müraciət edib. Bu barədə Trend ə S.Cəlaloğlu məlumat verib.

O, Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırılmış Akif Şahbazovun və Ali Məclisin üzvlüyündən xaric edilmiş Aydın Quliyevin məclisin fövqəladə toplantısını çağırdıqlarına görə məhkəməyə müraciət edib. S.Cəlaloğlu müraciətlərində həmin şəxslərin bu təşəbbüsünün "Siyasi partiyalar haqqında" qanuna və ADP-nin Nizamnaməsinə zidd olduğunu bildirib.

Müraciətdə göstərilib ki, səlahiyyətləri omayan şəxslərin partiya adından çıxış etməsi, ali orqanın iclasını keçirməsi "Siyasi partiyalar haqqında" qanunun 10-cu və 15-ci maddəsinin 2-ci bəndinə ziddir: "Aydın Quliyev və Akif Şahbazov Ali Məclis üzvü deyillər. Partiya adından da yalnız yetkili orqanların səlahiyyət verdiyi şəxslər danışa bilər. Ona görə də məhkəmə Aydın Quliyev və Akif Şahbazovun qanunsuz əməllərinə qiymət verməli, barələrində lazımi inzibati tədbirləri görməlidir. Ədliyyə Nazirliyinə isə müraciət etmişik ki, səlahiyyəti olmayan şəxslərin keçirəcəyi tədbirin qanuna və ADP Nizamnaməsinə uyğun olmadığını bildirsin. Çünki ADP-nin Nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və təsdiqlənib. Nazirlik "Siyasi partiyalar haqqında" qanuna uyğun şəkildə öz səlahiyyətindən istifadə edib partiyanın adından sui-istifadə edən şəxslərin cəhdinin qarşısını almalıdır".

Qeyd edək ki, S.Cəlaloğlu Akif Şahbazov barəsində Binəqədi rayon məhkəməsinə, Aydın Quliyevlə bağlı isə Səbail rayon məhkəməsinə şikayət verib.

Xəbər lenti

Xəbər lenti