...

Azərbaycan və Ukrayna arasında aqrar sahəsində əməkdaşlığı nəzərdə tutan qanun layihəsi müzakirə olunub

Siyasət Materials 2 Aprel 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan və Ukrayna arasında bitkiçilik sahəsində əməkdaşlığı nəzərdə tutan qanun layihəsi Milli Məclisin Aqrar siyasət daimi komissiyasının bazar ertəsi keçirilən iclasında müzakirə olunub. Komissiyanın sədri Eldar İbrahimov gündəlikdəki qanun layihələri ilə deputatlara məlumat verib.

Parlament Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov bildirib ki, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Aqrar Siyasəti Nazirliyi arasında bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" saziş hər iki ölkənin bitkiçilik və seleksiya alimlərinin yetişdirdikləri bitki sortlarının mühafizəsini, eləcə də patent hüquqlarının qorunmasını təmin edəcək. Qanun layihəsi həm də kənd təsərrüfatı sahəsində birgə elmi araşdırmaların, təcrübə mübadiləsinin əsaslarını müəyyənləşdirəcək.

Millət vəkilləri sazişin ölkəmizin milli maraqlarına xidmət etdiyini vurğulayıblar və sənədi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə ediblər.

Sonra "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında" və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" qanun layihələri müzakirə olunub. Qanun layihələrinin parlamentin iclasının gündəliyinə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti