...

ASDP həmsədri: "Azərbaycanda yalnız səkkiz partiyanı normal siyasi təşkilat sayırıq"

Siyasət Materials 14 May 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda 200-ə yaxın siyasi partiyanın mövcud olmasına, 40-dan çoxunun rəsmən qeydiyyatdan keçməsinə baxmayaraq, yalnız səkkiz-doqquz partiyanı normal siyasi təşkilat saymaq mümkündür. Bu barədə bazar ertəsi Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə açıqlama verib.

O bildirib ki, Azərbaycanda ən iri partiya Yeni Azərbaycan Partiyasıdır. ASDP həmsədri yalnız YAP-ı, ASDP-ni, Müsavat, AXCP, ADP, AMİP, ALP və VİP-i normal siyasi partiyalar hesab edir. Əlizadənin fikrincə, VHP və Ədalət Partiyasının isə üzvləri var, lakin strukturları yoxdur.

Əlizadə yalnız bir nəfər sədrdən ibarət olan partiyaları isə ümumiyyətlə, siyasi təşkilatlar sırasında görmür.

Əlizadə bildirib ki, Ayaz Mütəllibov ASDP-nin həmsədri olan müddətə qədər partiyanın səkkiz min nəfər üzvü var idi. Mütəllibovun partiyanın lideri seçilməsindən sonra hazırda ASDP-nin 26 min rəsmi üzvü var.

Əlizadə adlarını çəkdiyi sağ müxalifət partiyalarının siyasi təşkilat kimi mövcudluqlarını, sosial bazalarının olduğunu qəbul etsə də, onların siyasi kursunu, davranışlarını təqdir etmədiyini deyib: "Bu müxalifət partiyalarının hakimiyyətə gəlməsi əslində heç nəyin dəyişməməsi deməkdir" - deyə ASDP həmsədri vurğulayıb.

Xatırladaq ki, ASDP indiki iqtidara müxalif olan, sol təmayüllü partiyadır.

Partiyanın digər həmsədri Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdur. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra ilk prezident seçilən Mütəllibovun sonradan barəsində cinayət işi açılıb və o, 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti