...

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi BMT-yə müraciət edib

Siyasət Materials 24 May 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki-moon və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına müraciət ünvanlayıb. Bu barədə cümə axşamı Müdafiə Komitəsindən məlumat verilib.

Müraciətdə BMT-nin İnsan Haqları Şurasında İranda insan haqlarına dair durumun izlənməsinin dayandırılmasına dair çıxarılmış qərara etiraz bildirilir.

Müdafiə Komitəsi hesab edir ki, BMT-nin belə bir qərar çıxarmasından sonra İran insan haqlarını çəkinmədən pozacaq, digər tərəfdən hər bir şəxsi fərdi demokratik haqlarından məhrum etməyə cəsarət qazanacaq: "Bundan sonra İranda insan haqları daha ağır duruma düşəcək, İran hökuməti onun tərkibində olan Güney Azərbaycanı daha şiddətlə əzəcək, burada milli və insan haqlarını tapdayacaq. Güney Azərbaycanlılar hətta öz ana dilində təhsil almaqdan məhrum edilib. Ötən il Güney Azərbaycanı bürüyən etiraz aksiyaları nəticəsində 10 min nəfərə yaxın insan saxlanılıb, yüzdən çoxu həbsdə saxlanılır, minlərlə insan işlərindən qovulub" - deyə müraciətdə bildirilir.

Əlavə olunur ki, BMT üzvü olan bəzi ölkələr İranın insan haqlarını pozmasını ört-basdır etməyə çalışır. Müraciətdə baş katibdən BMT-nin sözügedən qərarının demokratik üsullarla, beynəlxalq hüquq əsasında ləğvinə çalışması xahiş olunur.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi Güney Azərbaycanın qeyri-hökumət təşkilatıdır və orada insanların milli haqlarını müdafiə edir.

Xəbər lenti

Xəbər lenti