...

Azərbaycan və ABŞ Vaşinqtonda təhlükəsizlik problemlərini müzakirə etmək niyyətindədirlər

Siyasət Materials 25 İyun 2007 16:18 (UTC +04:00)
Azərbaycan və ABŞ Vaşinqtonda təhlükəsizlik problemlərini müzakirə etmək niyyətindədirlər

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov, A.Qasımova/ Azərbaycan və ABŞ Vaşiqtonda təhlükəsizliklə bağlı növbəti illik məsləhətləşmələr aparmaq və bu sahədə bir sıra məsələri müzakirə etmək niyyətindədirlər. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Conatan Henikin bazar ertəsi verdiyi məlumata görə, məsləhətləşmələr 9 iyul tarixinə təyin olunub. Danışıqlar prosesində ABŞ-ı hərbi-siyasi məsələlər üzrə dövlət katibinin köməkçisi Con Rud təmsil edəcək, nümayəndə heyətinin tərkibinə həmçinin dövlət katibinin köməkçisi Metyu Brayza və ABŞ-ın müdafiə nazirliyinin nümayəndələri də daxildir. Tərkibinə müxtəlif nazirliklərin və orqanların nümayəndə heyətinin daxil olduğu Azərbaycan tərəfinə isə xarici işlər nazirinin müavini Araz Əzimov başçılıq edəcək.

"Danışıqlar prosesində adəti üzrə qarşılıqlı əlaqələr sahəsində təhlükəsizlik məsələləri, həmçinin terrorizmə qarşı mübarizədə əməkdaşlıq, hərbi yardımın göstərilməsi, sülhün dəstəklənməsi, Azərbaycanını NATO ilə əməkdaşlığının fərdi planı, hərbi islahatlar və s. kimi məsələlər müzakirə olunacaq" - deyə Henik bildirib.

Təhlükəsizliklə bağlı Azərbaycan-ABŞ məsləhətləşmələri aprelin 23-25-də Vaşinqtonda baş tutmalı idi, lakin rəsmi Bakı tərəfindən təxirə salınmışdı. Bunun səbəbi isə ABŞ Dövlət Departamentinin Ermənistanda insan hüquqları sahəsində vəziyyətlə bağlı hesabata dəyişikliklər etməsi ilə bağlı idi.

Sənədin ilk variantda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf rayonlarını işğal etməsi faktı təsdiq olunsa da, aprelin 20-də bəzi dəyişikliklər edilmişdi.

Dövlət Departamentinin hesabata dəyişiklikləri ləğv etməsindən sonra Bakı və Vaşinqton məsləhətləşmələrin yeni tarixini müəyyən ediblər.

Xəbər lenti

Xəbər lenti