...

Müsavat Məclisinin iclası keçiriləcək

Siyasət Materials 29 İyun 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müsavat Məclisinin şənbə günü keçiriləcək iclasında partiyanın qarşıdakı dövrlə bağlı fəaliyyət planı qəbul olunacaq. Bu barədə cümə günü Bakıda Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər məlumat verib.

Əkbər bildirib ki, iclasında Məclisə yeni üzv seçilən şəxslərin səlahiyyətləri təsdiqlənəcək, Məclis komissiyalarının görülmüş işlərlə bağlı hesabatları dinləniləcək.

Bundan başqa, Müsavat başqanı İsa Qəmbər Məclis üzvləri qarşısında hesabatla çıxış edəcək.

Müsavat Məclisi Azərbaycan mətbuatı ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirəcək, bir sıra cari məsələləri müzakirə edəcək.

Əkbər vurğulayıb ki, Müsavat Məclisində bir sıra boş yerlər olsa da, bu iclasda vakant yerlərə seçkilərin keçirilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti