...

Azərbaycan nümayəndə heyəti təhlükəsizlik üzrə məsləhətləşmələr üçün Vaşinqona yollanacaq

Siyasət Materials 7 İyul 2007 14:03 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti təhlükəsizlik üzrə məsləhətləşmələr üçün Vaşinqona yollanacaq

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycan nümayəndə heyəti iyulun 8-də illik Təhlükəsizlik üzrə növbəti Amerika-Azərbaycan məsləhətləşmələrində iştirak etmək üçün Vaşinqtona səfər edəcək. Iyulun 9-10-da keçiriləcək məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edəcək. Bu barədə şənbə günü Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Müdafiə, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirlikləri, DİN Daxili Qoşunları, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti əməkdaşları daxildir. Mətbuat xidmətindən bildirilib ki, məsləhətləşmələrdə regiondakı vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində təhlükəsizlik, NATO-Azərbaycan əlaqələri, Dağlıq Qarabağ problemi, həmçinin Qəbələ Radiolokasiya stansiyasının fəaliyyəti müzakirə olunacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Conatan Henik şənbə günü bildirib ki, danışıqlarda ABŞ nümayəndə heyətinə Dövlət katibinin xarici siyasi işlər üzrə müavini Con Rud rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin dövlət katibi müavininin köməkçisi Mety Brayza, ABŞ Müdafiə Nazirliyinin nümayəndələri daxil olacaq.

"Həmişəki kimi danışıqlarda təhlükəsizlik üzrə ikitərəfli əlaqələr sahəsində bir sıra məsələlər, terrorizmə qarşı mübarizə, hərbi yardım, sülhə dəstək, Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq proqramı, hərbi islahatlar və s. məsələlər müzakirə olunacaq",-deyə o bildirib.

Daha öncə Woodrow Wilson Center's Vaşinqton beynəlxalq təhsil mərkəzindən verilən məlumata görə, iyulun 11-də Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun "Azərbaycanın energetika gündəliyi: Regional qeyri-müəyyənlik və enerji siyasəti" (The Security Agenda of Azerbaijan: Dealing with Regional Uncertainty and Energy Politics) mövzularında məruzəsi nəzərdə tutulub.

Təhlükəsizlik üzrə Azərbaycan-Amerika məsləhətləşmələri aprelin 23-25-də keçirilməli idi. Lakin Dövlət Departamenti tərəfindən martın 6-da dərc olunmuş hesabata Ermənistanda insan hüquqları ilə bağlı düzəlişlərin edilməsi səbəbindən Vaşinqtonda keçirilməli olan danışıqlar rəsmi Bakı tərəfindən təxirə salınmışdı. Sənədin ilkin variantında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ona bitişik 7 rayonu işğal etməsi faktı göstərilmişdi. Aprelin 20-də isə sənəddəki bu ifadə dəyişdirilmişdi. Dövlət Departamenti əvvəlki dəyişikliyi bərpa etdikdən sonra Vaşinqton və Bakı arasında məsləhətləşmələrin yeni tarixi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti