...

Qeyri-hökumət təşkilatları Gürcüstandakı 500 min azərbaycanlının köçündən ehtiyatlanır

Siyasət Materials 19 İyul 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstan vətəndaşları olan 700 min azərbaycanlıdan artıq 200 mini ölkəni tərk edib. Bu barədə Gürcüstanda fəaliyyət göstərən "Gürcüstan mənim vətənimdir" Cəmiyyətinin sədri Əli Babayev cümə axşamı Bakıda keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanda 56 min gürcü dilli azərbaycanlı yaşayır. Lakin gürcü dilini bilməsi onların da ölkəni tərk etməsinin qarşısını almır: "Ziyalıların artıq köçüb getdiyi, olmadığı yerlərdə ancaq fəhlələr qalır, onları da rahat şəkildə qovmaq olur. Hər il üç-dörd min azərbaycanlı məktəbli təhsil dalınca Azərbaycana üz tutur. Gürcüstanda indiyədək 57 Azərbaycan məktəbi bağlanıb. 2010-cu ilədək hamısının bağlanması nəzərdə tutulur" - deyə Babayev qeyd edib.

O, Azərbaycanın Təhsil Nazirliyinin, həmçinin Gürcüstandakı səfirliyinin fəaliyyətindən şikayətlənib, Gürcüstan azərbaycanlıları üçün heç bir iş görmədiklərini deyib.

Babayevin sözlərinə görə, Gürcüstanda 53 Azərbaycan firması fəaliyyət göstərir, lakin onların heç birndə azərbaycanlılar işləmirlər.

"Gürcüstan boşalır. Azərbaycan Ermənistandan qovulmuş 250 min azərbaycanlını qəbul elədi. Gürcüstandakı 500 min azərbaycanlının köçü Azərbaycan üçün çox ağır olacaq" - deyə Babayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti