...

Türkiyədə seçki qanunsuzluğuna etiraz edənlər nəticələrin tanınmamasını tələb edir

Siyasət Materials 26 İyul 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bazar günü Türkiyədə gerçəkləşən parlament seçkisinin nəticələrinin dürüstlüyünə inanmayan və onların ləğv olunmasını istəyən vətəndaşlar var. Quzey Kipr Türk Cümhuriyyətinin (KKTC) qəzet yazarı Salih Mehmet Ersoy ("Volkan", "Hüryıldız", "Kıbrısnet" və s. qəzetlər) analitik şərhində bu barədə bilgi verir.

O qeyd edir ki, ilk şübhələr Türkiyənin Yüksək Seçim Kurulunun (Ali Seçki Qurumu) açıqlamasından qaynaqlanır. Belə ki, Ali Qurumun rəsmi internet səhifəsində yerləşdirilən məlumatlarda Türkiyənin Nevşehir bölgəsində səsvermənin yekunlarına dair rəsmi göstəricilərdə böyük uyğunsuzluqlar olub.

Belə ki, Nevşehirdə qeydə alınan seçicilərin sayı 68.828, səs verən seçici sayı 56.553, etibarlı səslərin sayı 55.606 və etibarsız səslərin sayı 947 olduğu halda, AKP-nin təkbaşına qazandığı səslərin sayı 88.622 göstərilib. Ümumilikdə etibarlı səslər 55 min olduğu təqdirdə hakim partiyanın 88 min səs toplaması barədə rəsmi açıqlama Türkiyədə ajiotaj yaradıb. Üç gün bu rəqəmlər internet saytında qaldıqdan sonra, nəhayət, məlumata düzəliş edilib.

Ersoy qeyd edir ki, özü də daxil olmaqla bir sıra media təmsilçiləri, millət vəkilliyinə namizədlər, seçki komissiyalarında təmsil olunan bəzi üzvlər seçimin nəticələrinin şübhəli olduğunu türk xalqının diqqətinə çatdırır.

Digər şübhələr seçkinin nəticələrinin vaxtından xeyli erkən açıqlanması ilə bağlıdır.

"Bu seçkidə bir çox məntəqələrdə olan qutularda səslər sayıldıqdan sonra şəhər seçki dairələrinə faksla ötürülüb, sonra ümumi səslər kompüterdə hesablanıb.

Yəni, səslər faksötürmələri və kompüter proqramı əsasında toplanıb, nəticələr açıqlanıb. "Exsell" kimi kömpüter proqramının nələrə qadir olduğunu mütəxəssislər bilirlər"-deyə qəzetçi yazar bildirir.

Digər qanun pozuntusu kimi seçkiöncəsi təbliğatın sona yetməsi prosesi göstərilir. Bu proseslə bağlı Türkiyənin "Seçimlərin Təməl Hökmləri" qanununun 298 saylı bölməsi ilə Yüksək Seçki Qurumunun qərarının bir-birinə zidd olduğu bildirilir. Türkiyənin digər dövlət qurumlarının qərarları bu qanunun tələblərini üstələyə bilməz.

Millət vəkilliyinə müstəqil namizəd olmuş Əmrullah Cəmil Tarhan öz açıqlamasında iddia edir ki, xalqın iradəsi, Türkiyənin mediası və yayım quruluşları iqtidar partiyasının lehinə yönəldilib və bu da seçkilərin qanuni şəraitdə keçmədiyini göstərir: "Belə olan halda seçkilərin nəticələri tanınmamalı və qanunsuzluğa yol verənlər haqqında lazımi ədliyyə araşdırmaları aparılmalıdır".

Türkiyə KİV-lərində bəzi yazarlar seçki pozuntularına görə hətta hərbi qüvvələri öz vəzifəsini yerinə yetirməyə çağırırlar.

Xəbər lenti

Xəbər lenti