...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü: "Növbəti prezident seçkilərinin hər bir mərhələsində şəffaflıq, demokratiklik, obyektivlik təmin ediləcək"

Siyasət Materials 31 İyul 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Növbəti prezident seçkilərinin hər bir mərhələsində şəffaflıq, demokratiklik, obyektivlik təmin ediləcək, seçkilərinin bütün mərhələləri ictimai nəzarət və eyni zamanda Avropa Şurasının nəzarəti altında olacaq. Müxalifət partiyalarının 2008-ci ildə keçiriləcək prezident seçkilərinin obyektivliyini indidən şübhə altına almaq cəhdlərinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə belə deyib.

Onun fikrincə, bunu bir tərəfdən Azərbaycanın qanunları təmin edəcəksə, ikinci bir tərəfdən ölkədə demokratik seçkilərin keçirilməsi praktikası bir daha təsdiqləyəcək: "Hesab edirəm ki, bu baxımdan, növbəti prezident seçkiləri ilə bağlı hər hansı bir problemimiz olmayacaq. Bu seçkilər də çox yüksək səviyyədə keçiriləcək, o, əsl seçki yarışmasına çevriləcək və şübhəsiz ki, bu seçkilərdə ən güclü olan qalib gələcək".

YAP təmsilçisi vurğulayıb ki, o da mümkündür ki, müxalifətin bir hissəsi əvvəllərdə olduğu kimi, yenə də cığallıq mövqeyindən çıxış etsin, heç bir səbəb olmadan nəticələri tanımamaq yolu tutsun.

"Ancaq mənə elə gəlir ki, bu, müxalifətin özünün problemidir. Bu, artıq cəmiyyətin problemi deyil. Onu da qeyd edim ki, bu cür mövqedə olanların dairəsi də getdikcə daralır", -deyə Mirzəzadə əlavə edib.

Onun fikrincə, cəmiyyət həmin qüvvələrdən fərqli olaraq inkişafda, maddi vəziyyətin günü-gündən yaxşılaşmasında maraqlıdır. Bu gün dünənkindən daha çox məvacib alan və yaxud da daha yüksək əmək haqlı iş tapan insan, aydın məsələdir ki, artıq həmin o, radikal müxalifətin bayrağı altında olmaq istəməyəcək: "Mən belə hesab edirəm ki, bu seçkilər də həm demokratik keçiriləcək, həm də Avropa Şurasında bu məsələ ilə bağlı hansısa narahatlıqlar olmayacaq".

2008-ci ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti