...

Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanmaması təklifi ilə parlamentə müraciət olunacaq

Siyasət Materials 25 Avqust 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gürcüstanda yaşayan azərbaycanlıların ictimai təşkilatları yaxın günlərdə ölkə parlamentinə müraciət ünvanlayacaq. Bu barədə şənbə günü Trend ə Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov məlumat verib.

Onun sözlərinə görə, müraciətdə Gürcüstandakı Azərbaycan məktəblərinin qapadılmaması təklif olunacaq.

Gürcüstanın Borçalı (Kvemo-Kartli) bölgəsində kompakt şəkildə 500 minə yaxın azərbaycanlı yaşayır. Ümumilikdə Gürcüstanın paytaxtında və 13 rayonunda yerli azərbaycanlılar yaşayır, bu ölkədə 164 Azərbaycan məktəbi fəaliyyət göstərir. 2004-cü ildən bəri həmin məktəblərin bağlanması məsələsi müzakirə olunur. Belə ki, Gürcüstanın hələ qəbul olunmamış yeni təhsil qanununda təhsil müəssisələrinin yalnız dövlət dilində tədris aparması nəzərdə tutulur. Bu qanunun qəbul olunması azərbaycandilli məktəblərin bağlanmasını reallaşdıra bilər.

Azərbaycanda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstandakı azərbaycandilli məktəblərin bağlanmasını və soydaşlarımızın gürcü dilində təhsil almasını təklif edir.

Mövzu ilə bağlı şərh verən Əsgərov bilidrib ki, İbrahimovun bu təklifi Gürcüstan azərbaycanlılarının narahatlığına və etirazına səbəb olub. Onun sözlərinə görə, sırf gürcü dilində təhsil aparılsa, Gürcüstan azərbaycanlıları yalnız şifahi yolla öz ana dilini saxlaya biləcəklər.

"Ona görə də biz təklif edirik ki, Azərbaycan məktəbləri saxlanılsın və orada gürcü dilinin daha mükəmməl tədris olunması üçün dövlət proqramı hazırlansın. Həmçinin təklif olunur ki, bütün Azərbaycan məktəblərinin tərkibində gürcü bölməsi yaradılsın, kim istəyirsə övladlarını bu bölməyə yazdırsın. Yəni, azərbaycanlılar gürcü, yaxud Azərbaycan dilində təhsil almaq seçimini sərbəst şəkildə özləri etsin" - deyə Əsgərov bildirib və əlavə edib ki, ictimai təşkilatlarla birgə bu təkliflərdən ibarət müraciət hazırlayaraq yaxın günlərdə Gürcüstan parlamentinə təqdim edəcəklər.

Xəbər lenti

Xəbər lenti