...

Penitensiar Xidmət: Cəzaçəkmə müəssisələrində ventilyasiya sisteminin qurulması mümkün deyil

Cəmiyyət Materials 12 Sentyabr 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının yerləşdiyi binalar həddən artıq köhnə olduğundan, orada ventilyasiya sisteminin qurulması mümkün deyil. Ədliyyə Nazirliyi Penitensiar Xidmət Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov çərşənbə günü Trend ə bildirib ki, gələcəkdə kameralara ventilyatorların qoyulması mümkün olacaq.

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammerberq Azərbaycanda səfərdə olarkən bir neçə cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasına baş çəkib. Hammerberq kameralarda ventilyasiya sisteminin olmamasından, məhkumların saxlandığı kameralarda həddən artıq isti olmasından narahatlıq bildirib və bu sahədə müvafiq tədbirlərin görülməsini vacib sayıb.

Sadıqov bildirib ki, cəzaçəkmə müəssisələrinin əksəriyyətinin yerləşdiyi binalar 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində inşa olunub: "Həmin müəssisələrdə mərkəzləşdirilmiş qaydada ventilyasiya sisteminin qurulması çox çətindir. Lakin tikintisi imkan verən müəssisələrdə kameraların pəncərələri genişləndirilib, pəncərələrdən jalüzlər götürülüb, nəfəsliklər açılıb. İmkan yarandıqca, kameralara təbii işıq düşməsi üçün müvafiq tədbirlər görülür".

Şöbə rəisi bildirib ki, gələcəkdə cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları üçün Avropa standartlarına uyğun yeni binaların inşa olunacağı nəzərdə tutulub.

Artıq bu istiqamətdə işlərə başlanıldığını deyən Sadıqov bildirib ki, Naxçıvanda, Şəkidə və Lənkəranda yeni cəzaçəkmə müəssisələrinin tikintisi aparılır. Həmçinin, Kürdəxanıda yeni istintaq təcridxanasının da layihə-smeta sənədləri hazırlanıb və yaxın gələcəkdə inşasına başlanacaq.

Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, 1 həbsxana, 3 istintaq təcridxanası, 1 tərbiyə müəssisəsi, məhkumlar üçün 1 müalicə müəssisəsi, 15 məntəqə tipli müəssisə,14 xüsusi müəssisə var.

Xəbər lenti

Xəbər lenti