Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Quba rayonunda müəyyənləşdirilən kütləvi insan məzarlığından artıq 150-yə yaxın insanın qalıqları aşkarlanıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli çərşənbə günü Trend ə bildirib. Onun sözlərinə görə, hazırda 500 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparılır.
Aprelin əvvəllərində Qubada yeni şəhər stadionu tikilən zaman kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra ekspertiza qrupu yaradılaraq 100 kvadratmetr ərazi qazılmış və 50-yə yaxın insan sümükləri müəyyənləşdirilmişdir. Ekspertiza qrupunun üzvləri və tarixçilər kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada azərbaycanlılara qarşı törədilən soyqırım nəticəsində yaradıldığını müəyyənləşdiriblər. Öldürülənlər arasında dağ yəhudilərinin də olduğu bildirilir. Araşdırmalar başa çatdıqdan sonra həmin ərazidə soyqırım abidəsi ucaldılacaq.
Müseyibli bildirib ki, insan qalıqlarının hamısı müəyyənləşdirilənə qədər arxeoloji qazıntılar davam etdiriləcək. O məzarlıqda insan qalıqlarının çox olduğunu deyib.
Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.