...

Gürcüstanın Dmanisi və Bolinisi rayonunda yaşayan 760 azərbaycanlı xarici ölkələrin vətəndaşlığını alıb

Cəmiyyət Materials 13 Sentyabr 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan məktəblərinin bağlanması üzündən Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi ("Baş keçid") və Marneuli ("Çörük Qəmərli") rayonlarının sakinləri kütləvi şəkildə ölkəni tərk edirlər. Bu barədə cümə axşamı Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) prezidenti Daşqın Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlıların kompakt yaşadığı kəndlərdən təxminən 30-u boşalmaq üzrədir. Azərbaycanlılar süni şəkildə yaradılmış sosial-iqtisadi problemlər üzündən öz evlərini tərk etmək məcburiyyətində qalırlar. Buna həm də Azərbaycan məktəblərinin bağlanması səbəb olur.

Son 5 ay ərzində Dmanisi rayonunun Amamlo, Qarabulaq, Dunus, Məmişli, Səfərli, Ənkirəvan, Yırğançay, Qızılkilsə kəndlərinnin hər birini təxminən 4 ailə tərk edərək Azərbaycana, Türkiyəyə, Ukraynayə, Rusiyaya köçüb.

"Hazırda Dmanisi və Bolinisi rayonlarında elektrik enerjisi və qaz problemi hələ də həll edilməmiş qalır. Bu rayonların avtomobil yolları da yararsız vəziyyətdədir. Marneuli və Tbilisidən sərnişin avtobusları demək olar ki,1992-ci ildən işləmir" - deyə Gülməmmədov bildirib.

O əlavə edib ki, Bolinisi rayonunda da iqtisadi-sosial vəziyyət acınacaqlıdır. Belə ki, son 5 ay ərzində Bolinisi rayonunun Arxılı, Faxralı, Saraclı, İmirhəsən, Daşdıqullar kəndlərini 11 min nəfərdən çox azərbaycanlı tərk edərək xarici ölkələrə iş dalınca gediblər. Bu rayonlarda əmək qabiliyyəti olan sakinlərin təxminən 90 faizi 1993-cü ildən bəri işsizdir.

"Bizim hesablamalarımıza görə, 2007-ci ildə Dmanisi və Bolinisi rayonlarının 760 sakini Gürcüstanı tərk edərək Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Belarusun vətəndaşlığını alıblar" - deyə GAMA rəhbəri məlumat verib.

Gürcüstanın rəsmi məlumatlarına görə, bu ölkədə yaşayan azərbaycanlıların sayı 284 min, lakin qeyri-rəsmi məlumatlara əsasən isə 500 mindir. Ümumilikdə Gürcüstanın 13 inzibati bölgəsində yerli azərbaycanlılar yaşayır.

Xəbər lenti

Xəbər lenti