...

Ali Məhkəmənin Plenumu ADP sədrinin şikayətini təmin edib

Cəmiyyət Materials 18 Sentyabr 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Ali Məhkəmənin Plenumu ADP sədri Sərdar Cəlaloğlunun şikayətini təmin edərək işinin yenidən araşdırılmaq üçün Nəsimi rayon məhkəməsinə qaytarılması barədə qərar qəbul edib.

Bu barədə çərşənbə axşamı Trend ə Cəlaloğlunun vəkili Fuad Ağayev məlumat verib.

Ağayev bildirib ki, Cəlaloğlu 2003-cü ilin oktyabr hadisələrində iştirakda təqsirli bilinərək həbs olunduğu zaman ona işgəncə verildiyi üçün məhkəməyə müraciət edib.

Cəlaloğlu Daxili İşlər Nazirliyi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri tərəfindən işgəncələrə məruz qaldığını bildirir və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Lakin Nəsimi rayon məhkəməsi Cəlaloğlunun iddiasını təmin etməyib və ona işgəncə verilməməsi barədə qərar qəbul edib. Apellyasiya Məhkəməsi də Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ali Məhkəmənin Plenumu Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işin təkrar araşdırılması üçün Nəsimi rayon məhkəməsinə qaytarılması barədə qərar çıxarıb.

Vəkil belə bir qərarın çıxarılmasında Avropa Məhkəməsinin Cəlaloğlunun şikayəti ilə bağlı qərarının təsiri olduğunu vurğulayıb.

Bu il yanvarın 11-də Avropa Məhkəməsi Cəlaloğlunun şikayəti ilə bağlı qərar qəbul edib. Qərarda Avropa Konvensiyasının 3-cü maddəsində (işgəncələrin qadağan olunması) nəzərdə tutulan hüququn pozuntusu qeyd olunub və Azərbaycan dövləti tərəfindən bu hüququn pozuntusuna görə, Cəlaloğluna 10 min avro məbləğində təzminat ödənilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti