...

Məhkəmə sabiq səhiyyə nazirinin müalicəsinə razılıq verməyib

Cəmiyyət Materials 27 Sentyabr 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Nəsimi rayon məhkəməsi sabiq səhiyyə nazirinin stasionar müalicəsi üçün xəstəxanaya köçürülməsinə razılıq vermədi. Cümə axşamı Əli İnsanovun ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətin rəhbərliyinə qarşı iddiası üzrə keçirilən prosesdə sabiq nazirin vəkilinin vəsatəti ilə bağlı qərar verilib.

Ötən iclasda sabiq nazirin vəkili Ağaveyis Şahverdi İnsanovun səhhətinin ağır olduğunu, onun bel ağrılarının şiddətləndiyini əsas gətirərək stasionar müalicə üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi barədə vəsatət vermişdi.

İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Məhkəmənin növbəti iclası oktyabrın 1-nə təyin olunub.

İnsanov məhkəmədə ədliyyə naziri Məmmədovun yaxın qohumu Cəmil Əliyevin ünvanına kəskin ifşaedici çıxış etdiyinə görə ədliyyə naziri və Penitensiar Xidmətin rəhbərliyi tərəfindən işgəncələrə məruz qaldığını iddia edir. Sabiq nazir Bayıldakı 1 saylı İstintaq Təcridxanasında qırx gündən artıq saxlanıldığını, dəfələrlə müraciətlərinə baxmayaraq, onun stasionar müalicə olunması üçün şərait yaradılmadığını bildirir. İnsanov əvvəllər ölüm cəzasına məhkum edilmiş şəxslərin kamerasında saxlanmasından, indi isə yarımzirzəmi kameraya salınmasından şikayətlənir. Sabiq nazirin kamerasının havasının rütubətli, üfunətli və insan həyatı üçün təhlükəli olduğu bildirilir.

Bu gün Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri sabiq nazir İnsanovla görüşüb. Behbudov bildirib ki, sabiq naziri həftənin sonunda İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürəcəklər. İnsanov isə cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmir.

Xəstəliyi ilə bağlı müalicə olunmaq istəyən İnsanov dövlətin təklif etdiyi xidmətdən imtina edir: "İnsanov iddia edir ki, onu şüa ilə öldürmək istəyirlər. Buna görə də o, təklifdən imtina edib" - deyə Behbudov bildirib.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İnsanov barəsindəki hökmü qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti