...

Həbsdə olan baş redaktorun şikayəti Avropa Məhkəməsində icraata götürülüb

Cəmiyyət Materials 11 Oktyabr 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktorunun İnsan Haqları və Azadlıqları haqqında Avropa Konvensiyasının azadlıq və toxunulmazlıq hüququnun pozuntusu ilə bağlı şikayəti İnsan Haqlartı üzrə Avropa Məhkəməsində icraata götürülüb.

Trend in məlumatına görə, bu haqda cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baş redaktor Eynulla Fətullayevin işi üzrə keçirilən prosesdə vəkil İsaxan Aşurov məlumat verib.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladzenin iddiası əsasında,Yasamal rayon məhkəməsinin qərarı ilə xocalıları təhqir etdiyi üçün 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Vəkil bildirib ki, Fətullayev məhkum olduğu halda Səbayel rayon məhkəməsi onun barəsində qanunsuz olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Məhkəmə Fətullayevin saxlandığı Bayıldakı 1 saylı İstintaq Təcridxanasından qaçıb gizlənəcəyini əsas gətirərək onun barəsində bu qərarı çıxarıb.

Vəkil şikayətin Avropa Məhkəməsində icraata qəbul edildiyini əsas gətirərək dövlət ittihamçısına rəhbərliyi ilə məsləhətləşib ittihamdan imtina etməsini təklif edib.

Aşurov qeyd edib ki, bu şikayətin Avropa Məhkəməsində müzakirəsi Azərbaycanın imicinə xələl gətirəcək. Azərbaycanın bu beynəlxalq instansiyada nüfuzuna xələl gətirilməsinə tərəfdar olmayan vəkil Fətullayevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə (214.1-ci), qulluq mövqeyindən istifadə etməklə, milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma ittihamlarının əsassız olduğunu, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən istintaqın qeyri-peşəkar aparıldığını bildirib.

Dövlət ittihamçısı isə ittihamdan imtinaya heç bir əsas olmadığını vurğulayaraq məhkəmə prosesinin davam etdirilməsini zəruri sayıb.

Bu gün keçirilən məhkəmə prosesində Fətullayev ona qarşı elan olunan ittihamlarla bağlı sərbəst ifadə verib.

Baş redaktor bildirib ki, "Realnıy Azerbaydjan" qəzetində dərc olunmuş "Əliyevlər müharibəyə gedir" başlıqlı məqaləsində onun Azərbaycan neftinin nəqlinin dayandırmaq cəhdləri, Azərbaycanın antiiran koalisiyasına qoşulması barədə ittihamları istintaq tərəfindən sübut olunmayıb.

Məqalənin İranın Azərbaycanda strateji əhəmiyyətli obyektlərə raket zərbələri endirəcəyi ilə bağlı hissəsində adıçıkilən obyektlərin siyahısının bəzi mətbu orqanlarından, İranın rəsmi şəxslərinin bəyanatlarından götürdüyünü deyib. "İranın müdafiə naziri Azərbaycanda səfərdə olarkən bildirib ki, Azərbaycan antiiran koalisiyasına qoşularsa, Azərbaycanda müəyyənləşdirdiyi 14 obyektə raket zərbələri endirəcək" - deyə Fətullayev bildirib.

Vergidən yayınma ittihamı ilə bağlı ifadə verərkən baş redaktor bildirib ki, fəaliyyət göstərdikləri iki il müddətində vergi ilə bağlı heç bir problemləri olmayıb: "Mən vergilər naziri Fazil Məmmədovu peşəkar adam hesab edirəm. O, vergi qanunvericiliyini yaxşı bilir. İnanmıram ki, onun əməkdaşları belə primitiv vergi yoxlaması aparsınlar".

Fətullayev ifadə verəndən sonra dövlət ittihamçısının, vəkilin və hakimlərin suallarını cavablandırıb.

Sonra iş üzrə 4 nəfər şahid dindirilib. Onlar qəzetin kommersiya fəaliyyəti, satışı və s. məsələlərlə bağlı proses iştirakçılarının suallarını cavablandırıblar.

Proses oktyabrın 18-də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti