...

İnsan alverinə görə BƏƏ-də həbs olunmuş Azərbaycan vətəndaşları öz ölkəsinə gətiriləcək

Cəmiyyət Materials 22 Oktyabr 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İnsan alverinə görə Birləşmiş Ərəb Əmirliyində həbs olunmuş Azərbaycan vətəndaşları yaxın günlərdə öz ölkəsinə gətiriləcək. Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarov Trend ə bildirib ki, Azərbaycan vətəndaşlarının öz ölkəsinə ekstradisiyası üçün müvafiq sənədlər, məlumatlar BƏƏ-nin hüquq-mühafizə orqanlarına göndərilib.

BƏƏ-dən Azərbaycana ekstradisiya oluncaq şəxslər arasında dələduzluqda ittiham olunanları da var. Onların Azərbaycana verilməsi üçün tam razılıq əldə olunub və yaxın günlərdə öz ölkələrinə gətiriləcəklər.

İdarə rəisi axtarışda olan bir nəfər Azərbaycan vətəndaşının bir müddət öncə Almaniyada həbs edildiyini və onun təhvil verilməsi üçün bu dövlətin aidiyyatı qurumlarına müraciət olunduğunu bildirib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov Milli Məclisdə illik hesabatla bağlı çıxış edərkən bildirib ki, insan alveri ilə mübarizə istiqamətində iş aparmaq üçün yaxınlarda prezidentin BƏƏ-də Daxili İşlər Nazirliyinin nümayəndəsinin təyin olunması haqqında sərəncamı olacaq.

Nazir müavini bir ildə insan alveri ilə bağlı axtarışda olan 17 nəfərin İnterpolun xətti ilə ölkəmizə təhvil verildiyini deyib.

Xəbər lenti

Xəbər lenti