...

"Azadlıq" qəzetinin baş redaktorunun həbsdən azad olunması üçün azı 11 min manat lazımdır - vəkil

Cəmiyyət Materials 15 Noyabr 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/"Azadlıq" qəzetinin baş redaktorunun həbsdən azad olunması üçün ən azı 11 min manat tələb olunur, bunu cümə axşamı Trend ə Qənimət Zahidin vəkili Elçin Sadıqlı deyib.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Vəkil bildirib ki, Zahidin zaminliyə verilməsi və girov qoyularaq azad olunması üçün məhkəməyə müraciət hazırlanır. Vəkil deyib ki, girov qoyulacaq məbləğ məhkəmə tərəfindən müəyyənləşdirilməlidir və bu məbləğ 11 min manatdan az olmamalıdır.

Sadıqlının sözlərinə görə, baş redaktorun kimlərin zaminliyinə verilməsi məsələsi də konkretləşdirilməli və ona zamin duracaq şəxslər özləri də məhkəməyə ərizə ilə müraciət etməlidirlər.

Vəkillər Zahidin həbsi barədə Yasamal rayon məhkəməsinin qərarından apellyasiya şikayəti də veriblər. Sadıqlı bildirib ki, Bakı Apellyasiya Məhkəməsi gələn həftə şikayətə baxacaq.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 8 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Zahidin qardaşı, "Azadlıq" qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit isə ötən il satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətində təqsirli bilinərək 3 il müddətinə məhkum olunub.

Xəbər lenti

Xəbər lenti