...

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı üçün razılıq əldə olunmayıb

Cəmiyyət Materials 14 Dekabr 2007 11:31 (UTC +04:00)
Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı üçün razılıq əldə olunmayıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı İşçi qrupların Moskvada keçirilən görüşündə razılıq əldə olunmayıb. "Rusiya tərəfi Azərbaycan telekanalının həmin ölkədə yayımı üçün lisenziyanın alınmasını istəyib. Rusiya qanunvericiliyinə görə, həmin ölkənin ərazisində yayımlanan televiziyanın təsisçisinin qoyduğu sərmayənin 50 faizi Rusiyanın kapitalı olmalıdır" cümə günü Trend ə dekabrın 11-12-də Moskvada İşçi qrupların iclasında iştirak edən Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev bildirib.

Azərbaycan Teleradio Şurası yanvarın əvvəlində Rusiyanın "RTR-Planeta" kanalının iyul ayının 10-dan etibarən Azərbaycanda yayımının dayandırılması barədə qərar verib. "RTR- Planeta"nın yayımı Rusiya tərəfinin müraciətindən sonra və Azərbaycan telekanalının Rusiyada yayımı şərtilə uzadılıb. Qarşılıqlı yayım üzrə yaradılmış İşçi qrupun üzvləri artıq iki görüş keçirib və ikitərəfli yayıma dair ilkin layihə razılaşdırılıb. Ümumi razılığın əldə olunması üçün texniki müqavilələr hazırlanırdı. Azərbaycan tərəfi texniki müqaviləni iki ay öncə təqdim edib. Teleradio Şurasının sədri bir neçə dəfə bəyan edib ki, ümumi razılıq əldə olunmasa, "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində yayımı dayandırılacaq. Azərbaycan tərəfi hesab edir ki, "RTR-Planeta" ölkədə yayımlandığı ərazi boyda, AzTV də Rusiyanın həmin ərazisi boyda yayımlanmalıdır.

Onun sözlərinə görə, Rusiya tərəfi telekanalların qarşılıqlı yayımı ilə bağlı əldə olunan hökumətlərarası ümumi razılaşmaya hazır olduğunu bildirib. Lakin texniki müqaviləyə imza atmağa hazır olmadıqlarını bəyan edib. Azərbaycan tərəfi isə texniki müqavilə ilə birlikdə sənədə paket halında imza atılmasını istəyib. Cəbiyev deyib ki, Rusiya sənədə paket şəkilində imza atılmasına razılıq verməyib. "Onlar bildirdilər ki, Azərbaycan televiziyasının Rusiyada yayımı üçün həmin dövlətdə lisenziya alınmalıdır. Lisenziyasız yayım Rusiya qanunvericiliyinə uyğun deyil. Biz də məsələni belə qoyduq ki, dövlətlərarası müqavilə çərçivəsində Azərbaycan telekanalının Rusiyada yayımı mümkün ola bilər. Əks halda, Azərbaycan qanunvericiliyinə görə, xarici şəxsə lisenziya verilə bilməz" Cəbiyev əlavə edib. MTRŞ üzvünün sözlərinə görə, Rusiyada 200 mindən artıq əhalisi olan şəhərlərdə televiziyanın yayımı üçün lisenziya müsabiqə yolu ilə verilir. Azərbaycan tərəfi ilkin olaraq AzTV-nin Rusiyanın Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Samara, Kazan, Krosnadar,Həştərxan, Volqoqrad, Rostov və Perm şəhərlərində yayımlanmasını təklif edib,

Cəbiyev bildirib ki, yanvardan "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində yayımının dayandırılıb-dayandırılmaması üçün MTRŞ yaxın günlərdə iclas keçirəcək və mövqeyini açıqlayacaq. MTRŞ üzvü hesab edir ki, Rusiya yaxın vaxtlarda Azərbaycan telekanalının öz ölkələrində yaxın vaxtlarda yayımı üçün heç nə vəd etmədi.

Xəbər lenti

Xəbər lenti