...

Növbəti konsertimdən min yox, milyard faiz razı qaldım – Azərbaycan estradasının ulduzu Röya Ayxan

Cəmiyyət Materials 15 Yanvar 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı,15 yanvar /müx. TrendLife Şahin Cavadsoy

Yayımlanan reklam çarxlarından da bəlli idi ki, çağdaş estradanın nömrə bir ulduzu Röya Ayxan əvəzolunmaz tərəf müqabili Samir Cavadzadə ilə birgə şəhər restoranlarının birində pərəstişkarları qarşısında növbəti hesabat konserti ilə çıxış edəcək. Verdikləri vədə xilaf çıxmayan müğənnilər yeni istifadəyə verilmiş "Altun Saray"da cəm olan dinləyicilərinə sözün əsl mənasında unudulmaz bir gecə yaşatdılar. Bu dəfə də mehriban cütlüyün "yığma komandası"nın üzvləri "Dəyirman" qrupunun solistlərindən biri ABD Malik və reper Elşad Xose ilə eyni səhnəni paylaşdılar. ATV-nın tanınmış simalarından olan Xəyalənin aparıcılığı ilə başlanan "Köhnə Yeni il şousu" maraqlı məqamları ilə də yadda qaldı. Qeyd etdiyimiz kimi, reper Elşad Xose də Röya və Samirin əsas qonağı kimi məclisə təşrif buyurmuşdu.

Geydiyi qiyafəsi ilə məclisin ən gözəl xanımı kimi bərq vuran Röyanın əhvalı çox yüksək idi. Ona görə də tamaşaçılarıyla həddindən artıq səmimi ünsiyyət alınmışdı. Bu mehribanlığa hətta cangüdənləri belə mane ola bilmirdi. Bütün hit mahnılarını ifa edən Röya təxminən 2 saatdan artıq səhnədə qaldı. Samir Cavadzadə də ondan heç də geri qalmadı. Digər həmkarlarının da səhnədə çıxış etmələri üçün şərait yaradılmışdı. İstər Samirlə, istər həmkarı Elmirsiz tədbirə qatılmış "Dəyrman"çı Maliklə, istərsə də Elşad Xose ilə ifa etdiyi mahnılar hər kəsi rəqs etməyə vadar edirdi.

Eksklüzivlərini yalnız TrenLife-la bölüşən Röya axırıncı konserti barəsində də bizləri ətraflı şəkildə belə məlumatlandırdı: "Məşhur "Bəxtiyar" filmində Ağabalanın Hüseynova bacılarına dediyi sözləri anidən xatırladım: "Adam da artistə qabaqcadan pul verər?" Lakin deyim ki, başda biz olmaqla - yəni Samir və mən, eləcədə duet ortaqlarım Elşadla, Malikin qonorarlarını artıqlaması ilə, loru dillə desək, özüm ciblərinə qoymuşam. Miqdarı da az deyil. Necə deyərlər, Allahın bu gününə min şükür olsun. Samirlə növbəti konsertimdən min yox, milyard faiz razı qaldım. Həm röyasevərlər, həm də Samirin fanatları yenə gözdə-qulaqda olsalar yaxşıdır. Çünki yeni ildə yeni sürprizlərimizlə hamınızı sevindirməyə çalışacam".

Sonda xatırlatmaq istəyirik ki, "Köhnə Yeni il"i Röya və dostlarıyla qeyd etmiş fanatlar bir bilet üçün ən azı 100 manatlarından gözüyumulu keçdilər.

Xəbər lenti

Xəbər lenti