Azərbaycan, Bakı, 05 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Mətbuat Şurasının araşdırmaları nəticəsində məlum olub ki, bir sıra hallarda jurnalistlərin peşə prinsiplərinə riayət etməməsi media nümayəndələrinə lazımınca informasiya vermək istəyinin olmaması, jurnalist sorğularına və yazılarına laqeyd münasibət səbəbindən baş verir. "Ötən ay ərzində qəzetlərdə peşə prinsipləri 312 dəfə pozulub" - deyə Mətbuat Şurasının çərşənbə günü fevral ayının yekunları ilə bağlı açıqladığı hesabatında bildirilib.
Yanvarda bu rəqəm 287 olub. Jurnalistlərin Peşə Davranışı Qaydalarının "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı 1-ci prinsipinin daha çox pozulması artımın əsas səbəbidir. Yanvarda KİV-lər bu prinsipin müxtəlif bəndlərini 123, fevralda isə 138 dəfə pozublar.
Azərbaycan Mətbuat Şurası mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək məqsədilə aylıq monitorinqləri davam etdirir. Monitorinq aşağada göstərilən qəzetlərdə aparılıb: "525-ci qəzet", "Azərbaycan", "Bakı xəbər", "Azadlıq", "Yeni Müsavat", "Səs", "Gün səhər", "Xalq qəzeti", "Ədalət", "Reytinq", "EXO", "Xalq cəbhəsi", "Olaylar", "Respublika", "Mərkəz", "Yeni Azərbaycan", "İmpuls", "Ekspress", "Paritet", "Palitra", "Şərq", "Kaspi", "Zerkalo", "Xəzər", "İki sahil"
Monitorinq zamanı materialların mövzu dairəsi, informasiyaların alınma mənbələri, "Jurnalistlərin Peşə Davranışı Qaydaları"nın pozulması hallarının təsnifatı öyrənilib.
"Jurnalistlər hazırladıqları yazılarda tənqid obyektinin mövqeyini öyrənib bildirməyə, ona öz fikirlərini çadırmaqda şərait yaratmağa az meyl göstərirlər. Belə fəaliyyət əsasən siyasi yönümlü qəzetlər üçün xarakterik olub. Əksər hallarda qəzetlər tənqid olunan tərəfin fikrini çox qısa şəkildə çatdırırlar ki, bu da peşəkarlıqdan çox, müəyyən mənada peşəkarlığın imitasiyasına bənzəyir" - deyə hesabatda qeyd olunub.
Araşdırmalar nəticəsində məlum olub ki, şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı prinsipinin müxtəlif bəndlərinin pozulması halları hələ də mövcuddur. Bu göstərici yanvar ayı ilə müqayisədə cəmi iki fakt təşkil edib.
Mətbuat Şurası bildirir ki, ötən ay bu və ya digər partiyalara yaxın mətbu orqanların materiallarında müxtəlif dərəcəli təhqir elementlərinə rast gəlinib.
Ötən ay qəzetlərdə yer alan materialların ümumi sayı 48039-dur. Bu, ötən ayla müqayisədə 4498 ədəd azdır. Azalmalar kriminal, idman, sosial, təhsil, mədəniyyət-incəsənət, iqtisadi, rəsmi, dini-mənəvi, KİV-lə bağlı və hərbi materialların dərcində müşahidə olunub.
Ölkə mətbuatı fevral ayında daha çox siyasi yönümlü materialların dərcinə üstünlük verib. Bu sahədəki materialların say göstəricisindəki artım yanvar ayının analoji göstəricisini də geridə qoyub.