Azərbaycan, Bakı, 01 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın basketbol üzrə yığma komandaları qarşıdakı aylarda 4 müxtəlif səviyyəli turnirlərdə qüvvəsini sınayacaq. Bu barədə Trend a cümə axşamı Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmisi Ramin Kəsəmənski məlumat verib.
Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin nəzdində olan basketbol yığması mayın 26-da Türkiyənin İstanbul şəhərində başlayacaq beynəlxalq dərəcəli turnirə qatılacaq. Yarış 6 gün davam edəcək.
Kişilərdən ibarət basketbol yığması isə Şotlandiyada keçiriləcək Avropa çempionatının C divizionunda mübarizə aparacaq. Bu yarış iyunun 7-dən 22-dək davam edəcək.
Qadınlardan ibarət basketbol yığması da Avropa çempionatına qatılacaq. İyulun 7-dən 15-dək davam edəcək yarış Lüksemburqda təşkil olunacaq. Yığma komanda Ç divizionunda mübarizə aparacaq.
ABF rəsmisinin dediyinə görə, yeniyetmə basketbolçular da yay aylarında boş oturmayacaqlar. Yeniyetmələr avqustda Ruminiyada keçiriləcək Avropa çempionatının B divizionunda iştirak edəcəklər.
Azərbaycan basketbolu son illərdə ən böyük uğurunu İslam Olimpiadasında qazanıb. Litvalı Rimas Kurtinaytisin rəhbərlik etdiyi komanda Olimpiadanın qalibi olub.
Kurtinaytis Azərbaycanın kişilərdən ibarət yığma komandasına və "Qala" klubuna 2001-2006-cı illər aralığında rəhbərlik edib. Hazırda yığma komandanın və "Qala"nın baş məşqçisi Elxan Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]