Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan televiziyalarında siyasi reklamın yayımında hüquqi baxımdan boşluqlar var. "Siyasi reklam anlayışı Seçki Məcəlləsində var, amma "Televiziya və radio yayımı haqqında" qanunda bu məsələ yoxdur. Ümumiyyətlə, "Reklam haqqında" qanunda siyasi reklam termini yoxdur və bu boşluq doldurulmalıdır ki, siyasi reklamın nə olduğu bilinsin", cümə axşamı jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Trend -un arayışı: İyunun 2-də Milli Məclisin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilib. Seçki kampaniyasının müddəti 120 gündən 75 günə endirilib. 75 günün 28-i təşviqat işlərinə, qalan günlər isə namizədin müəyyən edilməsi, onun qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedur tədbirlərinə sərf olunacaq. Bundan başqa, namizədin dəstəklənməsi üçün lazım olan imzaların sayı əvvəllər olduğu kimi 45 min yox, 40 min müəyyən edilib, dövlət KİV-də seçki təbliğatı qadağan olunub. Məcəlləyə əsasən, özəl televiziyalarda siyasi reklam "Televiziya və radio yayımı haqqında" qanuna uyğun həyata keçirilməlidir.
Məhərrəmli bildirib ki, seçki qanunverciliyinə dəyişiklikdən sonra namizədlərin televiziyalarda reklam verməsi məhdudlaşdırılacaq. "Yəni bir saat ərzində televiziyalarda ümumilikdə 12 dəqiqədən artıq reklam vermək olmaz. Bu reklamın içərisində həm mal və xidmətlərlə bağlı, həm də siyasi reklam olacaq. Telekanal istəsə 12 dəqiqəni namizədlərə sərf edə bilər. Bir şərtlə ki, namizədlərə bərabər şərait yaradılsın", - Məhərrəmli əlavə edib.
Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda bu sahədə çox böyük sərbəstlik var idi. 2005-ci il parlament seçkiləri zamanı bəzən kanallar gün ərzində 6 saata qədər reklam verirdilər. Onlara qarşı tədbir görəndə bizi qınayırdılar ki, kanallar üçün problemlər yaradırsınız. İndi bu məsələdə Avropa standartları tətbiq olunur. Məhərrəmli deyib ki, burada müəyyən mübahsəli məsələlər də var. "Açıq teledebatların, mətbuat konfranslarının hansı kateqoriyaya aid edilməsi məlum deyil, yəni bu, seçki təbliğatı olacaq, yoxsa kanalların özünün verilişləri hesab olunacaq. Təklif etmişik ki, teledebatlar, mətbuat konfranslar kanalların öz verilişləri olsun", - deyə o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]