...

Azərbaycanın müxalifətyönlü qəzetinin jurnalistini bıçaqlayan şəxsə vəkil bəraət istəyib

Cəmiyyət Materials 20 Avqust 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlili bıçaqladığı üçün məhkum olunmuş Sergey Strekalinin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib.

Trend -un Arayışı: "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil bu il martın 13-də Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə baş verən gündən Xəlil hadisənin əvvəllər "Zeytun bağı" adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib.

Baş Prokurorluğun yaydığı məlumatda isə jurnalistin qeyri-ənənəvi cinsi orentasiyaya malik şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib.

Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə olmuş Strekalin tərəfindən bıçaqlandığı istintaqla sübuta yetirildiyi qeyd olunub.

Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.

Jurnalistin "Zeytun bağı" adlanan ərazidə döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinə isə xitam verilib.

Strekalin Bakının Nəsimi rayon məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsindən Trend -a verilən məlumata görə, Xəlilin vəkili Elçin Sadıqov cinayətin Strekalin tərəfindən törədilmədiyini əsas gətirərək ona bəraət verilməsini xahiş edib.

Strekalinin vəkili Akif Məlikov isə hüquqlarını müdafiə etdiyi şəxsə narkotiklərin qanunsuz saxlanılması ittihamı üzrə bəraət verilməsini məhkəmədən xahiş edib.

Apellyasiya şikayəti üzrə məhkəmə baxışı avqustun 27-nə təyin olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti