...

Azərbaycanın futbol üzrə yığması Uelslə səfər oyununda heç-heçə edə bilər - keçmiş baş məşqçi

Cəmiyyət Materials 2 Sentyabr 2008 12:37 (UTC +04:00)
Azərbaycanın futbol üzrə yığması Uelslə səfər oyununda heç-heçə edə bilər - keçmiş baş məşqçi

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi hesab edir ki, sentyabrın 6-da keçiriləcək görüşdə Uels millisi sürətli oyuna üstünlük versə, bu, Azərbaycan futbolçularına ciddi problem yaradacaq.

"Rəqib komanda sürətli oynamağa başlayan kimi problemlərimiz özünü göstərir. Təəssüf ki, Azərbaycan komandası hələ də sürətli oynayan rəqiblə mübarizə aparmağa hazır deyil", - dörd gün sonra keçiriləcək Uels-Azərbaycan oyunu ilə bağlı Trend -a fikirlərini bildirən keçmiş baş məşqçi Şahin Diniyev deyib.

Azərbaycan millisi 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununu sentyabrın 6-da səfərdə Uelsə qarşı keçirəcək. "Millenium" stadionunda təşkil olunacaq bu oyundan dörd gün sonra Azərbaycan yığması Bakıda Lixtenşteynlə qarşılaşacaq.

Diniyev bildirib ki, Azərbaycan yığmasının seçmə mərhələdəki ilk oyunu ilə bağlı proqnoz vermək çox çətindir.

"Bizi Uelslə çox çətin oyun gözləyir. Hesab edirəm ki, Azərbaycan komandası bu səfər oyununda heç-heçə edə bilər. Bu, daha çox futbolçuların psixoloji durumundan və qələbə qazanmaq istəklərindən asılıdır", - deyə keçmiş baş məşqçi əlavə edib.

Azərbaycan yığması Diniyevin rəhbərliyi altında AÇ-2008-in seçmə mərhələsində çıxış edib. Diniyevin başçılıq etdiyi komanda seçmə mərhələdə Finlandiya üzərində qələbə qazanmaqla (1:0) və Serbiyaya məğlub olmaqla (1:6) yadda qalıb. Bakıda keçirilən oyunda serblərə məğlubiyyətdən sonra Diniyev istefa verib.

Keçmiş baş məşqçi qeyd edib ki, Uels yığmasının kapitanı Kreyq Bellaminin Azərbaycanla görüşdə iştirak edə bilməməsi böyük üstünlükdür: "Bellami Uelsin əsas futbolçularından sayılır. Hesab edirəm ki, onun Azərbaycanla oyunda meydana çıxmaması bizim üçün əlavə üstünlük sayılmalıdır".

Uels yığmasının məşqində zədə aldığı üçün Bellaminin Azərbaycanla görüşdə iştirak etməyəcəyi gözlənilir.

Hazırda Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti