Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda yas mərasimləri zamanı israfçılığa yol verməməyə çağırır.
"Yas mərasimləri israfçılıqla keçirilir və bu, şəriətə ziddir", - çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev bildirib.
Trend -in arayışı: Azərbaycanın bəzi rayonlarında din xadimləri və ağsaqqallar dünyasını dəyişən şəxslərin yeddi və cümə axşamı mərasimlərinin keçirilməməsi haqda qərar qəbul ediblər.
"Bu, müsbət haldır. Çünki israfçılıq olmur, insanlara əziyyət verilmir. Eyni zamanda, dünyasını dəyişən şəxsin yaxınları imkansız adamlardırsa, onlar borca düşmürlər",- deyə Hacı Salman əlavə edib.
Onun sözlərinə görə, şəriətdə yas mərasimlərinin keçirilməsi məsələsi yoxdur. Hacı Salman deyib ki, şəriət qaydalarına əsasən, yalnız uzaqdan yas mərisiminə gələn qonaqlara ehsan verilə bilər.
"Azərbaycanda geniş və israfçılıqla yas mərasimlərinin keçirilməsi adət halına çevrilib. Qafqaz Müsəlmanları İdarəsinin yas mərasimlərinin israfçılıq olmadan keçirilməsi ilə bağlı fətva verməsi üçün xalq buna hazır olmalıdır", - Hacı Salman qeyd edib.
Onun fikrincə, xalqın bu fətvanı qəbul etmək üçün hazır olması vacibdir və o, təəssüflə bildirib ki, xalq arasında israfçılıqla yas mərasimləri keçirməyi ilə fəxr edən insanlar var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]