Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakimlər ikinci dövrəyə Türkiyədə hazırlaşacaqlar.
"Hakimlərin ikinci dövrəyə yaxşı hazırlaşması üçün təlim-məşq toplanışının keçirilməsini nəzərdə tutmuşuq. Bu məqsədlə Premyer-Liqa oyunlarını idarə edən hakimlər yanvar ayının ortalarında Türkiyənin Antalya şəhərinə yollanacaqlar", - cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (HK) Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirb.
Məmmədov Hakimlər Komitəsinin sədri vəzifəsinə bu ilin aprel ayında təyin olunub. Ondan əvvəl komitəyə Murad Məmmədov rəhbərlik edib.
Məmmədov hesab edir ki, birinci dövrədə hakimliyin səviyyəsi qənaətbəxş olub.
"Birinci dövrədə hakimlikdən razı qaldım. Düzdür, bəzi problemlər oldu. Səhvlərə görə bəzi hakimləri cəzalandırdıq. Amma ümumilikdə birinci dövrədə hakimliyin səviyyəsini qənaətbəxş hesab edirəm. İkinci dövrədə vəziyyət daha yaxşı olacaq", - o deyib.
Məmmədov Ramiz Mirzəyev AFFA prezidenti olduğu dövrdə hakimlikdən kənarlaşdırılmışdı.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]