...

Azərbaycanda bu il 16 nəfər mina və partlamamış hərbi sursatdan zərər çəkib -QHT

Cəmiyyət Materials 29 Dekabr 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycanda bu il ərzində 13 hadisə nəticəsində, 16 nəfər mina və partlamamış hərbi sursatdan zərər çəkib və bu hadisələr Bakı şəhərində, Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonlarında baş verib,- bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (MƏAKİB) sədri Hafiz Səfixanov bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

Trend -un məlumatına görə, Səfixanov bildirib ki, qeydə alınan həmin hadisələr nəticəsində zərər çəkənlərin 2-si hərbçi, 14-ü mülki şəxslərdir. "Qeyd olunan məlumatlar müxtəlif mənbələrdən birliyə daxil olub.  Hadisələr nəticəsində bir nəfər mülki şəxs ölüb, iki uşaq olmaqla, 11 nəfər mülki, 2 nəfər hərbçi yaralanıb," - deyə Səfixanov qeyd edib.

Trend - un arayışı: Dövlət qurumu olan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu ilin yanvar - noyabr aylarında cəmi 76 292 045 kvadratmetr ərazi təmizlənib, 362 342 hərbi surtsat (PHS) və mina zərərsizləşdirilib.

Onun sözlərinə görə, rəsmi məlumatalara əsasən, 2003-cü ildən aparılmış minaların sosial - iqtisadi təsirinin qiymətləndirilməsi layihəsi və sonrakı illərdə aparılan təhqiqatlar nəticəsində, ölkənin 18 regionunda mina və partlamamış hərbi sursatlara rast gəlinib.

Səfixanov bildirib ki, Azərbaycan Ermənistanla mövcud müharibə vəziyyətinə görə, Minaların Qadağan olunması Müqaviləsinə (Ottava Konvensiyasına) qoşulmayıb. "Lakin Azərbaycan bu Konvensiyadan irəli gələn bir çox öhdəlikləri yerinə yetirir. 2008-ci ildə Azərbaycanda minaların istehsalı, ötürülməsi və ehtiyatının toplanması qeydə alınmayıb", - o deyib.

O əlavə edib ki, 2008-ci ildə Azərbaycan hökuməti minalar əleyhinə mübarizəyə maliyyə vəsaitini, əvvəlki illərlə müqayisədə, artırıb, 2009 - cu ilin dövlət büdcəsində bu sahəyə daha artıq vəsait yönəldib.

Səfixanov deyib ki, kasetli silahlar rəqib tərəfə hücüm zamanı böyük sahələrə çoxlu sayda  kiçik sursatların səpələnməsi ilə nəticələnən silah növüdür. "İstifadə olunan zaman kiçik sursatların müəyyən hissəsi torpaqla təmasdan sonra yaranan detonasiya zamanı partlamır və döyüş əməliyyatları qurtarandan sonra qayıdan yerli əhali üçün uzun müddət təhlükə mənbəyinə çevirilir", - deyə Səfixanov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti