Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir S. Kazımlı / Bakıda binada baş verən partlayış zamanı zərərçəkmiş sakinlərə verilməsi nəzərdə tutulan 6 aylıq kompensasiyanın miqdarı müəyyənləşib. Yaxın zamanlarda həmin vəsait sakinlərə veriləcək, bazar ertəsi Nizami rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ərrəhman Həsənov Trend -a deyib.
Trend News -un arayışı: Dekabrın 13-də səhər saat 08:23 radələrində Nizami rayonu, Naxçıvanı 34 ünvanında, ticarət mərkəzinin qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Hadisə zamanı ölən Tamila Əlirzayevanın və Vitalik Balametovun meyitləri dağıntılar altından çıxarılıb, xəsarət alan Əlirzayeva Aylin, Qurbanova Nurəstə Məhəmməd qızı, Mahmudova Oksana Alekseyevna, Kərimov Ağamir İsa oğlu, Kərimov Şirxan Ataş oğlu, Mürsəlova Afət Hüseyn qızı paytaxtdakı xəstəxanalara yerləşdiriliblər. Dekabrın 18-də xəsarət alan Qurbanova müalicə olunduğu 5 saylı xəstəxanada ölüb.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə günü jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Heydərov deyib ki, buna dördüncü mərtəbədəki mənzillərdən birində təmir işlərinin aparılması səbəb ola bilər.
Bakı şəhər prokuroru Əziz Seyidov həmin gün Trend -a açıqlamasında faktla bağı Bakı şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin tikinti, mədən və sair işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulması, eytiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olduqda (222.3 - cü) maddəsi ilə cinayət işi başlanıldığını və istintaq aparıldığını deyib.
Fövqəladə Hallar Komissiyasının sədri deyib ki, binada partlayış zamanı 45 mənzilə ziyan dəyib. Zərərçəkən şəxslərin yerləşdirilməsi üçün rayon ərazisindəki 172 saylı uşaq bağçası boşaldılıb. 9 ay müddətində partlayış baş verən altı bloklu binanın üç bloku söküləcək. Əvəzində isə eyni mənzil sahəli bina tikiləcək. Həmin müddətdə sakinlərə dövlət tərəfindən kirayə mənzillər tutulacaq.
Binada baş verən partlayış zamanı sakinlərə 122 500 manat ziyan dəyməsi müəyyənləşib. Ötən ilin dekabr ayının 30-dan 122 500 manat vəsait sakinlərə verilməsi üçün Beynəlxalq Bankda sakinlərin adlarına açılan hesaba köçürülüb. Hadisə zamanı 13 ailəyə dəymiş ziyan dövlət tərəfindən ödənilib.Sakinlərin müvəqqəti kirayə evlərin tutulması, partlayış zamanı ölənlərin yaxınlarına və yaralanan şəxslərə kompensasiyalar verilməsi nəzərdə tutulub və kompensasiyaların ödənilməsi üçün müvafiq dövlət qrumlarında sənədlər təsdiqlənib.
Yanvarın 6-dan dağılan binanın əvəzinə yeni binanın inşa olunmasına başlanılıb. Tikinti işləri Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Həmin ərazi hasara alınıb.
Həsənov bildirib ki, hadisə zamanı zərər dəymiş 45 mənzilin sakinlərinə növbəti dəfə yenidən 99 min manat məbləğində kompensasiyanın verilməsi nəzərdə tutulub. "Yaxın vaxtlarda həmin məbləğ Beynəlxalq Bankda sakinlərin adına açılan hesablara köçürüləcək, bu məbləğ onların kirayə pulu üçün ödəniləcək", - deyə Həsənov qeyd edib.
Həsənov əlavə edib ki, partlayış zamanı dağılan üç blokun əvəzinə binanın arxasındakı torpaq sahəsində eyni mənzil sahəli binanın tikintisinə başlanılıb. "Hazırda dağılan üç blok sökülür. Həmin blokların əvəzinə binanın arxasında eyni mənzil sahəli üç bloklu bina inşa edilir", - deyə o bildirib.
Komissiya sədri dağılan binanın sakinləri üçün binanın arxasında evlərin tikilməsini işin tez yekunlaşdırılması ilə əlaqələndirib. "Doqquz ay müddətində bina tikilib sakinlərə verilməlidir. Dağılan blokların sökülməsi müəyyən vaxt apardığı üçün, sakinlərin evlərlə tez təmin olunması məqsədi ilə dağılan binanın arxasındakı ərazidə sakinlərə eyni mənzil sahəli binanın tikilməsinə başlanılıb", - deyə Həsənov bildirib.
Həsənov dağılan bloklar söküldükdən sonra yerində abadlıq işlərinin aparılacağını və ərazinin sakinlərin ixtiyarına veriləcəyini deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]