...

Azərbaycanlı şairənin rumın dilində kitabı çap ediləcək

Cəmiyyət Materials 10 İyun 2009 16:46 (UTC +04:00)
Azərbaycanlı şairənin rumın dilində kitabı çap ediləcək

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycanın tanınmış şairəsi Xəzangül Hüseynovanın Rumıniyada kitabı çap ediləcək.

Trend -un məlumatına görə, şairənin Türkiyədə martın sonunda çap edilən "Bitmeyen hazan" kitabı rumın dilinə tərcümə edilir.

Rumıniyanın "Tuna məktubları" jurnalında isə şairənin haqqında yazı və onun üç şeiri çap edilib.

Jurnal rumın və türk dillərində çap olunur. Şairənin şeirləri türk dilində çap olunub.

Xəzangül Hüseynova ilə Türkiyə oxucuları 1989-cu ildən tanışdırlar. Onun şerləri o vaxtdan bəri Ankarada "24 saat", "Kiçik çəkməci", "Cankaya" qəzetlərində, İstanbulda nəşr edilən jurnallarda çap olunub. Bundan əlavə, həmin illərdə İraqın mətbu orqanlarında ("Yurd" qəzetində) şeirləri çap edilib.

"Bitməyən hazan" kitabında müəllifin şeirləri lüğət izahı ilə verilib. Kitab Azərbaycan ədəbiyyatının təmsilçisi olan şairin kitabı kimi təqdim olunub. Nəşrin ön sözü Gültəkin Fazilqızının, "Şiir semasından doğan Hazangülün söz saltanatı" adlı yaradıcılıq təhlili şair Aydın Murovdağlınındır. Türk oxucuları tərəfindən çoxdan tanınan və qiymətləndirilən şairənin müəllifi olduğu kitabda oxuculara vətənpərvərlik, məhəbbət mövzulu, tarixi, dini şerləri təqdim olunub.

Kitabın son səhifəsindəki təqdimatında qeyd olunub ki, Azərbaycan ədəbiyyatının önəmli şairlərindən biri olan Xəzangül həyatı boyunca dövrün haqsızlığına, insanların ikiüzlülüyünə, cəmiyyətin nöqsanlarına üsyan edib.

Bu, Xəzangülün sayca yeddinci, xarici ölkələrdə nəşr edilən ikinci kitabıdır. Şairənin bundan öncə Gürcüstanda "Şübhələr" adlı kitabı çap edilib.

Şairə Xəzangülün şerləri ilk dəfə ötən əsrin 70-ci illərinin əvvəllərindən çap olunmağa başlayıb. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.

 Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti