Azərbaycan, Lənkəran,30 sentyabr / Trend , müxbir, K.Zərbalıyeva, P.Əliyeva/
Azərbaycanın cənubunda yerləşən Cəlilabad rayonunda (paytaxt Bakıdan 200 kilometr aralı) bədbəxt hadisə iki nəfərin ölümü, 17 nəfərin xəsarət alması ilə nəticələnib.
Trend -un bölgə müxbirinin yerli camaata istinadən verdiyi məlumata görə, Cəlilabadın Badamağacı kəndində elektrik xəttində baş vermiş qəzanın aradan qaldırılması zamanı rayon paylayıcı şəbəkəsinin əməkdaşları 10 min kilovoltluq elektrik xəttini rabitə xəttinə birləşdirib. Bu zaman kənddə eyni vaxtda 30 evdə telefon zəng çalıb. Telefon dəstəyini qaldıran 18 yaşlı Orxan Bədirov və 64yaşlı Dilşad Cəfərovanı cərəyan vurub və hadisə yerində keçinib.
17 nəfər isə xəsarətlə rayon xəstəxanasına aparılıb. Onlara ilk tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.
Cəlilabad rayon prokuroru Mobil İsmayılaov Trend -a bildirib ki, çərşənbə axşamı saat 20:00 radələrində 10 min kilovotluq elektrik xətti qırılıb rabitə xəttinin üstündə düşüb və Badamağacı kəndinin evlərinin telefonları fasiləsiz zəng çalıb. Həmin vaxt dəstəyi götürən 10-dan artıq şəxs xəsarət alıb. Onlardan ikisi -1945-ci il təvəllüdlü Dilşad Cəfərova və 18 yaşlı Orxan Bədirov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişiblər.
İsmayılov faktla bağlı araşdırma aparıldığını deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]