...

Səudiyyə Ərəbistanında yağan güclü yağış və seldən Azərbaycan zəvvarları arasında xəsarət alan yoxdur

Cəmiyyət Materials 26 Noyabr 2009 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir T.Cəfərov/

Səudiyyə Ərəbistanında yağan güclü yağış və seldən Azərbaycan zəvvarları arasında xəsarət alan yoxdur.

"Səudiyyə Ərəbistanında yağan güclü yağış və seldən Azərbaycan zəvvarları arasında xəsarət alan yoxdur. Onların səhhətində də indiyədək heç bir problem yaşanmayıb", - deyə Həcc ziyarətində olan "Təzə Pir" məscidinin axundu Hacı Faiz Nağızadə cümə axşamı telefonla Trend -a bildirib.

Əl-Cəzirə televiziyasının rəsmi saytının məlumatına əsasən, ötən gün Səudiyyə Ərəbistanın Qərb sahillərində güclü yağış və sel tüğyan edib. Məlumata əsasən, sel Səudiyyə Ərəbistanın Ciddə və Məkkə şəhərlərində 48 nəfərin ölümünə səbəb olub.

Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gəlmiş 4 əcnəbi zəvvarın A/H1N1 virusundan ("donuz qripi") öldüyü açıqlanıb. Ölənlər Sudan, Hindistan və Mərakeşdən olan yaşlı insanlar, biri isə Nigeriyadan olan qızdır. Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi onlardan heç birinin ziyarətdən əvvəl peyvənd olunmadığını bildirib. Nazirlik Həccə gələnlərin hamısını peyvənd olunmağa çağırıb. Bundan başqa, yaşlı zəvvarlara və hamilə qadınlara ziyarətdən çəkinmək məsləhət görülüb.

Həcc ziyarəti noyabrın 25-də başlayıb. Səudiyyə Ərəbistanına dünyanın müxtəlif guşələrindən 3 milyona yaxın zəvvarın gəlməsi gözlənilir.

"Hacılar Mina və Ərəfat çölündə dini ayinləri yerinə yetirirlər və onların hamısı sağ və salamatdır", - Hacı Faiz deyib.

Bu il 2,5 mln. müsəlman Həcc ziyarətinə gedib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti