Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir S.Ağayeva/
Sankt-Peterburqda 1918-1919-cu illərdə Azərbaycan tarixində faciəvi hadisələrin qurbanlarının xatirəsi anılıb.
Martın 31-də ECOD - Yəhudilərin Mədəniyyət Evində "1918-1919-cu illərdə Azərbaycan tarixində faciəvi hadisələrin anım günü" konfransının iştirakçıları olan Azərbaycan diasporunun nümayəndələri, diplomatlar, alimlər, gənclər və jurnalistlər toplaşıb. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun mətbuat xidmətinin məlumatında bildirilir.
Konfransı Azərbaycanın baş konsulu Qüdsi Osmanov açıb. O, 1918-1919-cu illər hadisələrinin tarixindən danışıb. Bu hadisələr Azərbaycan ərazilərinin xeyli hissəsinin Ermənistan tərəfindən anneksiyasına səbəb olub. Mart hadisələri zamanı erməni millətçilərinin hərəkətləri nəticəsində minlərlə dinc azərbaycanlı, həmçinin, başqa xalqların nümayəndələri qətlə yetirilib. Dünya birliyi 1918-1919-cu illər hadisələrini lazımınca tanımayıb və qiymətləndirməyib. Bu, 1948-50-ci illərin əvvəllərində azərbaycanlıların kütləvi deportasiyasının başlanmasına səbəb olub. 100 mindən çox dinc sakin Ermənistan ərazisindən qovulub. Zorla köçürülmə 1988-ci ildə başa çatdırılıb. 1992-ci ildə isə Xocalı şəhərində dəhşətli faciə baş verib. Nə qədər ki cinayətkarlar dünya birliyi tərəfindən mühakimə olunmayıb, belə hadisələr təkrar ediləcək.
Konfrans çərçivəsində tanınmış rusiyalı yazıçı, tarixçi və ictimai xadim Yuri Pompeyevin yeni "Qarabağ gündəliyi" kitabının təqdimatı təşkil olunub. Müəllif öz çıxışında real hadisələrə əsaslanan kitabın yaradılması ideyasından danışıb. O, həmçinin, ötən ilin avqustunda Bakıya son səfəri zamanı Azərbaycanın miqyaslı iqtisadi inkişafına dair təəssüratlarını bölüşüb.
Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Azərbaycan gənclərini Rusiya cəmiyyətinə uğurlu inteqrasiya üçün öz xalqını ləyaqətlə təmsil etməyə çağırıb.
Konfrans iştirakçıları Azərbaycan ərazilərinin işğaldan azad edilməsi məsələsində tarixi ədalətin bərpasının vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılmış memarlıq abidələri" fotosərgisi təşkil olunub; "Azərbaycanın Qarabağ regionunun mədəni irsi: bu gün və sabah" adlı sənədli filmi nümayiş etdirilib.
Həmçinin, gündəlik "Veçerni Peterburq" qəzetində baş konsulun 1918-1919-cu illər hadisələrinin tarixi haqqında çıxışı dərc olunub. RENTV-Peterburq telekanalında xəbərlər proqramında konfrans haqqında videosüjet göstərilib.