Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinin apelyasiya şikayəti təmin edilməyib.
Trend -un məlumatına görə, bu gün Şirvan Apelyasiya Məhkəməsində Astara rayonu, Ərçivan Kənd Bələdiyyəsinin keçmiş sədri Mirzağa Nuriyevin apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Nuriyevin apelyasiya şikayəti təmin edilməyib və Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü dəyişdirilmədən saxlanılıb.
Nuriyev Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Nuriyev bələdiyyə sədri olduğu dövrdə vəzifə səlahiyyətlərini aşaraq, kəndlilərə məxsus torpaqları qanunsuz olaraq satmaqda, kəndin daxili yolları üçün bələdiyyəyə ayrılmış vəsaiti mənimsəməkdə günahlandırılır.
Nuriyev 2009-cu ilin sentyabrında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
O, Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə külli miqdarda törədildikdə (179.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1), vəzifə səlahiyyətlərini aşma (309.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham olunub.