Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda zorlamada təqsirləndirilən hərbi qulluqçuya hökm oxunub.
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin kiçik çavuşu Arif Qurbanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qurbanov Cinayət Məcəlləsinin hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341), hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331), rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur etmə (329.3), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134), seksual xarakterli zorakılıq hərəkətləri etmə (150.2.5) maddələri ilə ittiham edilib.
Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən hərbi hissəsində olduğu müddətdə əsgər yoldaşlarını ölümlə hədələyərək, onlarla cinsi əlaqədə olub.