Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə komissiyasının dəstəyi ilə yeni sayt yaradılıb.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov cümə günü Trend-ə bildirib ki, www.rusum.az portalı vətəndaşları dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumatlarla təmin etmək, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə vermək məqsədi daşıyır.
Rüsum.az bütün rüsumlar və tariflər barədə ilk vahid informasiya mənbəyidir. Bu sayt vasitəsilə hər bir dövlət orqanı tərəfindən tələb edilən qanuni rüsumun məbləği barədə daha asan məlumat almaq mümkündür. Bununla yanaşı, xidmətlərə görə tələb olunan ərizə və anket formaları da saytda yerləşdirilib.
Vətəndaşlar saytdan istifadə etməklə tələb edilən ərizə və anketləri çap edə və aidiyyəti üzrə dövlət qurumlarına təqdim edə bilər.
Saytda vətəndaşların dövlət orqanlarına müraciət etməsi üçün əlaqə ünvanları, telefonlar və elektron poçt əlaqələri də yerləşdirilib.
Sayt vasitəsilə vətəndaşlar pensiya, avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirilməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə məlumat əldə edə bilərlər.
Portal Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə komissiyasının dəstəyi ilə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış " Prodemos" və " Antikorrupsiya Araşdırmalar Mərkəzi " qeyri-hökumət təşkilatlarının birgə təşəbbüsü ilə hazırlanıb.