RED: bəyannamənin mətni əlavə olunub
Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Bakıda üçtərəfli görüşün yekunları üzrə bəyannamə imzalayıblar.
"Mənə belə gəlir ki, birgə bəyannamənin imzalanması ilə uğurla nəticələnən üçtərəfli görüş barədə düzgün, müasir təşəbbüsdür", - sənədlərin imzalanmasından sonra Moskva və Rusiyanın patriarxı Kiril jurnalistlərə deyib.
Onun sözlərinə görə, dini rəhbərlər siyasi hakimiyyətə malik deyil və "Bu və ya digər tərəfə qoşun hərəkət etdirə bilmir. Lakin onların dindar adamlara çox yaxın olan dəyərlərə müraciət etmək üçün xüsusi imkanları var. Müxtəlif dinlərin nümayəndələrinin görüşərək bir çox mühüm şeylərdən danışmaları dindar insanlar üçün vacib siqnaldır", - Kiril deyib.
Patriarx ümidvar olduğunu bildirib ki, bu siqnallar barışığa, regionda gərginliyin azaldılmasına xidmət edəcək və siyasi liderlərin münaqişələrin siyasi həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürərək razılaşdırılmış nəticəyə gələ bilmələri üçün yaxşı atmosfer yaradacaq.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, bütün ermənilərin katalikosu İkinci Qaregin, Moskva və bütün Rusiyanın patriarxı Kiril Bakıda keçirilən dini liderlərin Ümumdünya sammiti çərçivəsində görüş keçirib.
"Bu gün xalqlarımız arasındakı soyuqluğu aradan qaldırmaq üçün əməkdaşlığın mənəvi tərəflərinə əməl olunmasını vacib sayırıq. Xeyirxahlığa, sülhə, mərhəmətə, dözümə çağıran dini potensial barışdırıcı qüvvəyə çevrilməlidir", - bəyannamənin mətnində deyilir. - "İnanırıq ki, bizim birgə səylərimiz millətlərarası düşmənçiliyin aradan qaldırılmasına yardımçı olacaq. Biz öz sülhməramlı səylərimizlə indiki fikir ayrılıqlarının, maneə və düşmənçiliyin aradan qaldırılması ilə bağlı insanların ümidlərini dəstəkləyəcəyik, çünki müharibə başlayarsa, onun sonu olmayacaq".
Sənəddə deyilir ki, üç ölkənin dini lideri münaqişənin nizamlanması üzrə beynəlxalq səyləri dəstəkləyir, sülhə və mehriban qonşuluğa nail olunması üçün inamın möhkəmləndirilməsi məqsədilə ünsiyyətin genişləndirilməsinin vacibliyini qeyd edir.
"Azərbaycan və Ermənistan prezidentlərinin səylərini dəstəkləyərək, biz onların cəhdlərinə yardım göstərmək niyyətindəyik. Bununla əlaqədar münaqişənin həllinə yardım göstərilməsi məqsədilə dini liderlər arasında dialoqun davam etdirilməsini vacib sayırıq. Bu, adamların qovulduqları yerlərə qayıtmasına imkan verəcək. Biz tərəflərin xoşməramlı aktlarını - əsirlərin azad olunmasını alqışlayır və həm siyasi, həm də din xadimlərini bu humanist və nəcib prosesdə öz səylərini canlandırmağa çağırırıq. Biz vandalizm aktlarını pisləyirik və xalqlarımızın dini abidələrinin və müqəddəs yerlərinin qorunmasını vacib sayırıq", - sənəddə deyilir. - "Sülhə nail olunmasına aparan yol asan deyil, lakin biz uğura böyük ümid bəsləyir və öz səylərimizi birləşdirərək soyuqluğun və qərəzliliyin aradan qaldırılmasına ümid edirik. Qoy, bərəkətli Qafqaz torpağında davamlı və ədalətli sülh bərqərar olsun, bizim xalqlarımıza isə xoşbəxtlik və çiçəklənmmə nəsib olsun".