...

Azərbaycan Mətbuat Şurası bəzi nəşrlərin "qara siyahı"dan çıxarılması barədə qərar verib

Cəmiyyət Materials 6 İyul 2010 14:58 (UTC +04:00)
Mətbuat Şurası bir sıra nəşrləri “qara siyahı”dan çıxarıb.
Azərbaycan Mətbuat Şurası bəzi nəşrlərin "qara siyahı"dan çıxarılması barədə qərar verib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurası (MŞ) bir sıra nəşrlərin adını "qara siyahı"dan çıxarıb. Bu barədə Trend-ə Mətbuat Şurasının mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, şuranın İdarə Heyətinin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə əlaqədar Mətbuat Şurasının "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrinin bir qrupunun oradan çıxarılması məsələsi ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı bildirilib ki, adları "qara siyahı"ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar "Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimat"da əksini tapıb. Lakin bu proses bağışlanma əhəmiyyəti daşıdığından və yubileylə bağlı həyata keçirildiyindən, istisna hal kimi yeni şərt və prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb. Mətbuat Şurasının tərkibində fəaliyyət göstərən "apelyasiya qrupu" ötən müddət ərzində bununla bağlı məsələləri də araşdırıb.

İdarə Heyəti "apelyasiya qrupu"nun fəaliyyətini qənaətbəxş sayaraq, qurumun və "reket jurnalistika"ya qarşı mübarizə komissiyasının birgə təqdimatını təsdiqləyib. Müzakirələrdən sonra, 26 kütləvi informasiya vasitəsinin adının "qara siyahı"dan çıxarılması məqsədəuyğun sayılıb. Qərara alınıb ki, yeni siyahı yaxın günlərdə ölkənin aparıcı KİV-ində dərc edilsin.

Xəbər lenti

Xəbər lenti