...

Azərbaycan Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarından Böyük Palataya şikayət edib (YENİLƏNİB)

Cəmiyyət Materials 16 İyul 2010 12:13 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
Azərbaycan Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarından Böyük Palataya şikayət edib (YENİLƏNİB)

RED. əlavəsi: 6-cı abzasdan sonra Çingiz Əsgərovun fikirləri əlavə olunub.

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti dünən Eynulla Fətullayevin şikayəti ilə bağlı Avropa Məhkəməsinin qərarından məhkəmənin Böyük Palatasına şikayət göndərib.

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Aprelin 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin internet səhifəsində Eynulla Fətullayevin Azərbaycana qarşı ərizəsi üzrə Avropa Məhkəməsinin qərarı dərc olunub.

Həmin qərarla məhkəmə Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulmasını qərara alıb. Eyni zamanda, məhkəmə qəbul etdiyi qərarla Fətullayevin dərhal həbsdən azad edilməsini tələb edib.

Əsgərov Trend-ə bildirib ki, Avropa İnsan Hüquqları Konvensiyasının 43-cü maddəsinin tələbinə görə, palatanın qərar çıxarmasından sonrakı 3 ay müddətində iş üzrə istənilən tərəf, müstəsna hallarda, işin Böyük Palataya verilməsini tələb edə bilər.

Səlahiyyətli nümayəndə deyib ki, Azərbaycan hökuməti Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarından narazı qaldığından, Böyük Palataya müraciət edib.

Əsgərovun sözlərinə görə, Konvensiyanın tələbinə görə, Böyük Palatanın 5 hakimindən ibarət komitə işə baxılıb-baxılmaması barədə qərar qəbul edir.

"Komitə Azərbaycanın şikayətini qəbul edərsə, onda Böyük Palata qərar çıxarmaqla işə yenidən baxacaq", - Əsgərov deyib.

Səlahiyyətli nümayəndə bildirib ki, Azərbaycan hökuməti Fətullayevin şikayəti ilə bağlı işə yenidən baxılmasını istəyib.

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Sonradan baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Fətullayevin üzərindən 0,223 qram həcmində heroin aşkarlanıb. Bu faktla bağlı ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.

Bu ittiham üzrə Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti