...

ABŞ Azərbaycanda insan alverinə qarşı mübarizə proqramlarına 250 min dollar məbləğində vəsait ayırır - Terri Devidson

Cəmiyyət Materials 30 Sentyabr 2010 11:16 (UTC +04:00)
ABŞ hazırda Azərbaycanda insan alverinə qarşı mübarizə proqramlarına 250 min dollar məbləğində vəsait ayırır.
ABŞ Azərbaycanda insan alverinə qarşı mübarizə proqramlarına 250 min dollar məbləğində vəsait ayırır - Terri Devidson

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

ABŞ hazırda Azərbaycanda insan alverinə qarşı mübarizə proqramlarına 250 min dollar məbləğində vəsait ayırır, - Trend-in məlumatına görə, bunu Bakıda "İnsan alveri qurbanları üçün yardım və sosial reinteqrasiya modelinin inkişafına" dair 3-cü regional müşavirədə çıxışı zamanı ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Terri Devidson bildirib.

"Azərbaycan bu qlobal problemdən kənarda qalmır. Azərbaycan məcburi işçi qüvvəsi və cinsi istismar məqsədilə insan alverinə məruz qalan qurbanlar üçün həm mənbə, həm də tranzit ölkədir", - Devidson deyib.

Bu gün Beynəlxalq Miqrasiya Təşkilatı və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Bakıda "İnsan alveri qurbanları üçün yardım və sosial reinteqrasiya modelinin inkişafına" dair III regional müşavirə işinə başlayıb. Müşavirə iki gün davam edəcək.

Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, bu ilin birinci yarımilliyində insan alveri ilə bağlı cinayətlərə görə 70 nəfər məsuliyyətə cəlb olunub. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 3,2% (+3; 98-95) artıb, həmin cinayətləri törədənlərin 65,7%-i (46) qadınlar olub.

Devidsonun sözlərinə görə, bu il Dövlət Departamenti dünyada insan alverinə qarşı proqramları maliyyələşdirmək üçün 22 milyon dollar məbləğində vəsait ayıracaq.

"Hazırda ABŞ 54 milyon maliyyə vəsaiti ilə 65 ölkədə həyata keçirilən 178 layihə üzrə iş aparır. 800 min insan hər il dövlət sərhədlərində insan alverinə məruz qaldığı halda, milyonlarla insan öz ölkələrində qurbana çevrilir. Bu qurbanların çoxu cinsi istismara məruz qalan qadın və uşaqlardır", - Devidson əlavə edib.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, dünyada repressiya ilə iş görən 12,3 milyon insan var. Departamentin insan qurbanlarına dair ötənilki hesabatına görə, beynəlxalq səviyyədə 49 mindən çox qurban müəyyən olunub.

Devidson bildirib ki, bu faktlar reallığın cüzi bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti