...

Azərbaycanın xalq artistinə xəsarət yetirməkdə günahlandırılan şəxsin azadlığa buraxılması barədə qərardan prokurorluq protest verəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 27 Noyabr 2010 12:40 (UTC +04:00)
Azərbaycanın xalq artistinə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunan şəxs barəsində məhkəmə ev dustaqlığı qətimkan tədbiri seçib.
Azərbaycanın xalq artistinə xəsarət yetirməkdə günahlandırılan şəxsin azadlığa buraxılması barədə qərardan prokurorluq protest verəcək (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: İstintaq qrupuna rəhbərlik edən Asif Behbudovun və xalq artisti Faiq Ağayevin fikirləri əlavə olunub

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın xalq artistinə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunan şəxs barəsində məhkəmə ev dustaqlığı qətimkan tədbiri seçib.

Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov şənbə günü Trend-ə bildirib ki, təqsirləndirilən Seymur Məmmədov barəsində 2 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Müstəntiq deyib ki, bu qərarla razılaşmayan prokurorluq məhkəmə qərarından apelyasiya protesti verəcək.

İsgəndərovun sözlərinə görə, apelyasiya məhkəməsi protesti təmin etməyəcəyi halda, Məmmədov həbsdən azad ediləcək.

"Seymur Məmmədov hazırda həbsdədir və onun azadlığa buraxılması apelyasiya məhkəməsinin qərarından asılıdır", - İsgəndərov vurğulayıb.

İstintaq qrupunun rəhbəri Asif Behbudov Trend-ə bildirib ki, Məmmədov barəsində Nəsimi rayon məhkəməsinin seçdiyi 2 aylıq həbs müddəti noyabrın sonlarında başa çatdığı üçün istintaq zərurəti yarandığından polisin vəsatəti ilə noyabrın 24-də həbs müddəti daha 1 ay uzadılmışdı.

Behbudov bildirib ki, bu qərardan bir neçə gün sonra Məmmədovun vəkili məhkəməyə vəsatətlə müraciət edərək, hüquqlarını müdafiə etdiyi şəxsin az ağır cinayət törətdiyini əsas gətirərək onun barəsində ev dustaqlığı seçilməsini məhkəmədən xahiş edib. Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə keçirilən iclasda vəkilin vəsatəti təmin olunub.

"Lakin prokurorluq həmin qərarla razı deyil və apelyasiya protesti verəcəyini bildirib", - istintaq qrupunun rəhbəri deyib.

Faiq Ağayevin mətbuat xidməti həmin qərarı pisləyən bəyanatında cəmiyyət üçün birmənalı şəkildə təhlükə yaradan, bundan öncə də dəfələrlə qanun pozuntuları törədən bu şəxsin sadəcə polis nəzarəti altına buraxılması haqqında məhkəmə qərarını səhv və məntiqsiz hesab edib.

"Nəsimi rayon prokurorluğu da bu qərarla bağlı etiraz bildirməyi nəzərdə tutur. Ümidvarıq ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən bu məsələyə baxılanda xalq artistinə qarşı az qala ölümlə nəticələnən bu qanlı qəsdin fəal iştirakçısı Seymur Məmmədovun faktiki olaraq azadlığa buraxılması haqqında hakim İkram Şirinovun anlamsız qərarı ləğv olunacaq və cəmiyyət üçün böyük xətər kəsb edən bu şəxs barəsində həbs qətimkan tədbiri uzadılaraq, istintaq bitənədək cəmiyyətdən tədric olunacaq", - bəyanatda vurğulanır.

Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Hadisəyə yol hərəkəti iştirakçıları arasında yaranan mübahisə səbəb olub. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

Nəsimi rayon məhkəməsinin qərarı ilə Rüfət Məlikov barəsində 3 aylıq, Seymur Məmmədov barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, himayəsində azyaşlı uşağı olduğu üçün barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti