Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Türkdilli ölkələrin media birliyi yaradılacaq. Azərbaycan Mətbuat Şurasının cümə axşamı yaydığı məlumata görə, bu barədə dekabrın 21-22-də Ankarada türkdilli ölkələrin Media Forumunda iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Amaşov bildirib ki, bu məqsədlə formalaşdırılan xüsusi işçi qrupu yaxın vaxtlarda yenidən Türkiyədə toplaşacaq və yeni qurumun yaradılması ilə bağlı müzakirələr aparacaq. Forumda eyni zamanda belə tədbirlərin hər il türkdilli ölkələrdən birində təşkili də qərara alınıb.
Əflatun Amaşov "Qloballaşan dünyada media: fürsətlər və problemlər" mövzusunda forumun təşkili ideyası barədə söhbət açıb. Onun sözlərinə görə, bu təşəbbüs Türkiyə və Azərbaycan media nümayəndələrinin müxtəlif vaxtlarda Bakıda baş tutan birgə konfranslarında qaldırılıb.
"Bakıda hər iki ölkənin media təmsilçilərinin iştirakı ilə iki konfrans keçirilib. Hər iki tədbirdə bu məsələ müzakirə olunub. Sonuncu dəfə qərara alınıb ki, növbəti toplantı Türkiyədə olsun və türkdilli ölkələrin nümayəndələri də tədbirə qatılsınlar. Ankara forumunun təşkilatçıları Türkiyənin Nəşriyyat və Mətbuat Baş İdarəsi və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzidir. Bu qurumlar ideyanın yüksək səviyyədə reallaşması üçün bütün mümkün imkanlardan istifadə etdilər və forumun adına layiq tədbir təşkil etdilər", - Amaşov deyib.
Forumun məqsədlərindən danışan Amaşov bildirib ki, tədbir medianın demokratikləşmə proseslərindəki, bu ölkələrin bir-biri ilə iqtisadi-siyasi və mədəni işbirliyinin daha da möhkəmlənməsindəki rolunu, qloballaşmış dünyada media vasitələri arasındakı qarşılıqlı əməkdaşlığı artırmağı nəzərdə tutur.
Belə forumların Türkiyə üçün əhəmiyyətinə toxunan Şura sədri deyib ki, ölkə mediası bu cür bağlantılarla ən azı özünün informasiya coğrafiyasını genişləndirmək imkanı qazanır. Digər tərəfdən, türkdilli ölkələrin jurnalistləri arasında şəxsi və peşə münasibətləri formalaşır.
"Bütün bunlar gələcəkdə ölkələrin vahid informasiya məkanında təmsilçiliyi üçün münbit zəmin yaradır. Hesab edirəm ki, əlaqələrin genişlənməsi onların milli-mənəvi ənənələrini daha da inkişaf və təbliğ etdirmək yönündəki fəaliyyətini əsaslı şəkildə gücləndirəcək", - Amaşov deyib.
Türkdilli ölkələrin Media Forumuna ölkəmizdən Mətbuat Şurasının sədri Əflatun Amaşovla yanaşı, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli də qatılıb.