...

Bakı polisi yanvarın ilk on günündə yol qəzasında ölənlərin sayını açıqlayıb

Cəmiyyət Materials 11 Yanvar 2011 11:26 (UTC +04:00)
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çərşənbə axşamı Trend-ə bildirib ki, hər bir piyada qanunvericiliyin tələbinə uyğun olaraq, 10 manat məbləğində cərimələnib.
Bakı polisi yanvarın ilk on günündə yol qəzasında ölənlərin sayını açıqlayıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin piyadaların vurulmasının qarşısı almaq məqsədilə keçirdiyi reydlər zamanı 102 piyada məsuliyyətə cəlb edilib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çərşənbə axşamı Trend-ə bildirib ki, hər bir piyada qanunvericiliyin tələbinə uyğun olaraq, 10 manat məbləğində cərimələnib.

Əsədov deyib ki, yanvarın 1-dən bugünədək Bakıda 28 yol qəzası zamanı 10 nəfər ölüb, 19 nəfər yaralanıb. Hadisələrdən 13-ü piyadanın vurulması, 3-ü maneə  vurma, 2-si aşma, 10-u toqquşma olub.

O, bildirib ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə görə, bilərəkdən və ya bilməyərəkdən, qəsdən və ya ehtiyatsızlıqdan yol hərəkəti qaydalarının pozulması inzibati xəta sayılır və inzibati xəta törətmiş hər bir hərəkət iştirakçısı məsuliyyətə cəlb olunmalıdır.

"Bu baxımdan mental xüsusiyyətlər nəzərə alınmadan, kimliyindən asılı olmayaraq, inzibati xəta törətmiş hər bir hərəkət iştirakçısı məsuliyyətə cəlb olunacaq. Yol hərəkəti qaydalarını pozan piyadaların gətirdiyi bəhanələrin heç biri onları məsuliyyətdən azad edə bilməyəcək", - şöbə rəisi deyib.

Ötən il Bakıda qeydə alınan yol nəqliyyat hadisələrinin təxminən 49 faizini piyadaların vurulması təşkil edib. Ona görə də orta məktəblərin yerləşdiyi ərazilərdə, onlara yaxın küçə və yollarda, istifadəyə verilmiş yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında yanvarın 7-dən reydlər başlanıb və yanvarın 15-dək davam edəcək.

Əsədov bildirib ki, piyadalar yeni istifadəyə verilmiş yeraltı ve yerüstü keçidlərdən istifadə etmir, avtomobillərin hərəkətinin intensiv olduğu yerlərdən keçir. Bu isə faciəli nəticələrə səbəb olur.

Əsədov qeyd edib ki, yol hərəkəti qaydalarını pozan piyadalar İnzibati Xətalar Məcəlləsinin 153-cü, "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin tələbinə uyğun olaraq, 10 manat məbləğində cərimələnəcəklər. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il yol hərəkəti qaydalarını pozan piyadalara qarşı çox ciddi tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti