Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozuntularının azaldılması məqsədilə cəzaların sərtləşdirilməsi problemin həllinə qismən təsir göstərə bilər.
Respublika Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı nəzərdə tutulan cərimələrin məbləğinin dəfələrlə artırılması müsbət nəticə verməyəcək.
Əliyev deyir ki, əksər piyadalar qanunvericilikdə yol hərəkəti qaydalarının pozuntusuna görə onların məsuliyyətə cəlb edilməsi ilə bağlı müddəaların olmasından xəbərdardır.
O hesab edir ki, Azərbaycanda yol hərəkəti iştirakçıları tərəfindən bu sahədəki qanunlara hörmətsizlik var və bütün problemlərin kökündə qanunlara hörmətsizlik dayanır.
"Piyadalar üçün son illər şəhərdə 30-a yaxın yeraltı və yerüstü keçidlər istifadəyə verilib. Piyadalar bu keçidlərdən istifadə etmək əvəzinə nəqliyyatın hərəkətinin intensizv olduğu küçələri, iri magistralları keçməyə üstünlük verirlər. Bu isə faciəli nəticələr doğurur", - şöbə rəisi bildirib.
Son illərdə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması faktlarının artdığını deyən Əliyev bunun səbəbini əhalinin rayonlardan paytaxta axınının artması ilə əlaqələndirib.
O qeyd edib ki, əvvəllər şəhərlərdə nəqliyyat vasitələri və əhali az olduğundan piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması faktları bu qədər çox deyildi.
"Azərbaycan torpaqlarının işğalından sonra rayonlardan Bakıya əhalinin axını çoxaldı. Həmin şəxslər rayon yollarında hərəkət qaydalarına uyğunlaşmışdılar. Onların şəhərlərdə yol hərəkəti qaydalarını öyrənməsini, onlara uyğunlaşmasını, bu qaydalara riayət etməsini tələb etmək mümkün deyil. Bu səbəbdən də piyadalar tərəfindən yol verilən pozuntuların artması gözlənilən idi", - Əliyev deyib.
Şöbə rəisi bu halların qarşısının alınması üçün maarifləndirməyə, təbliğata ehtiyac olduğunu bildirib və qeyd edib ki, qanunlara hörmətsizlik edən şəxslərə qarşı cəmiyyətdə ictimai qınaq olmalıdır. İctimai qınaq olarsa, qanunların tələbinə riayət olunmasını təmin etmək mümkündür.
Ötən il Bakıda piyadaların vurulması ilə bağlı 519 yol qəzası qeydə alınıb. Nəticədə 140 nəfər ölüb, 437 nəfər yaralanıb. 9959 piyada isə yol hərəkəti qaydalarını pozduğu üçün qanunun tələblərinə müvafiq cəzalandırılıb.
Ötən ilin ikinci yarısında Azərbaycanda bəzi yol hərəkəti qaydalarının pozuntusuna görə nəzərdə tutulan cərimələrin məbləği artırılmışdı.