...

Azərbaycanda II Muğam Festivalı üçün sənədlərin qəbulu başlayır

Cəmiyyət Materials 28 Yanvar 2011 12:50 (UTC +04:00)
Azərbaycanda II Muğam Festivalı üçün sabahdan sənədlərin qəbulu başlayacaq. Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında təhsil nazirinin müavini Elmar Qasımov bildirib.
Azərbaycanda II Muğam Festivalı üçün sənədlərin qəbulu başlayır

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda II Muğam Festivalı üçün sabahdan sənədlərin qəbulu başlayacaq. Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında təhsil nazirinin müavini Elmar Qasımov bildirib.

O, qeyd edib ki, festivalın əsas təşəbbüskarı və təşkilatçısı Heydər Əliyev Fondudur. Festivalın digər təşkilatçıları Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Milli Konservatoriyadır.

Nazir müvini bildirib ki, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin rəhbərlik etdiyi münsiflər heyətinə Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan Ağayev, Mənsum İbrahimov və Səkinə İsmayılova kimi görkəmli sənətkarlar daxildir.

Onun sözlərinə görə, festivala bu gün rəsmət start verilir.

"Sabahdan etibarən festival üçün sənədlər qəbul olunacaq. 18-35 yaş arasında olan şəxslər festivalda iştirak etmək üçün sənədlərini konservatoriyaya təqdim edə bilərlər. Sənədlərin qəbulu fevralın 20-nə qədər davam edəcək. Fevralın 21-dən seçim başlayacaq və 4 gün aparılacaq seçim nəticəsində qaliblər müəyyənləşəcək", - Qasımov əlavə edib.

Nazir müavini bildirib ki, festivalın keçiriləcəyi yer Azərbaycanda Alman Mədəniyyət Mərkəzi olan Kirxa olacaq. Onun sözlərinə görə, festivalın Kirxada keçirilməsinin də xüsusi əhəmiyyəti var.

"Bu festivalın Kirxada keçirilməsi mədəniyyətlərarası dialoqun, Şərqlə Qərbin əlaqəsinin bir nümunəsidir. Bu, Azərbaycanın tolerantlığının bariz nümunəsi olacaq", - o, deyib.

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi öz növbəsində bildirib ki, respublika festivalı bitdikdən sonra Beynəlxalq Muğam Festivalı keçiriləcək.

Onun sözlərinə görə, Beynəlxalq Muğam Festivalın qalibi üçün 25 min avro məbləğində mükafat müəyyənləşdirilib.

Bundan əvvəlki Muğam Festivalı 2009-cu ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti