...

Xocalı soyqırımının 19-cu ildönümü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq

Cəmiyyət Materials 18 Fevral 2011 17:01 (UTC +04:00)
Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə dünyanın onlarla ölkəsində tədbirlər, soyqırım qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək.
Xocalı soyqırımının 19-cu ildönümü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Hacıyev/

Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə dünyanın onlarla ölkəsində tədbirlər, soyqırım qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri, "dəyirmi masa" və konfranslar keçiriləcək, Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş etdiriləcək.

Xocalı faciəsinin ildönümü münasibəti ilə tədbirlər Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Kişinyovda da baş tutacaq. Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç və Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya və Çexiyada keçiriləcək tədbirlərə bu ölkələrdəki Azərbaycan diasporu ilə yanaşı, türk, yəhudi icmalarının, eləcə də adıçəkilən ölkələrin ictimai-siyasi təşkilatlarının, həmçinin, parlamentlərinin nümayəndələrinin qatılacağı gözlənilir.

Xocalı faciəsinin qurbanlarının xatirəsi Berlin, Frankfurt, Hannover, Nürnberq başda olmaqla, Almaniyanın ondan artıq şəhərində yad ediləcək.

Türkiyənin bir sıra şəhərlərində də anım mərasimləri, konfrans və "dəyirmi masa"lar keçiriləcək. Bu qəbildən tədbirlər Gürcüstan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də təşkil olunacaq.

Misir, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə Xocalı faciəsi ilə bağlı elmi-praktik konfranslar keçiriləcək, fotosərgilər təşkil olunacaq. Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə tədbirlər ABŞ-ın Gorc Vaşinqton, Hyuston, "Waterloo University", Florida Beynəlxalq Universiteti, Toronto Universiteti kimi nüfuzlu təhsil ocaqlarında da keçiriləcək. ABŞ-ın azərbaycanlı icması ilə yanaşı, türk, yəhudi və digər icmaların nümayəndələrindən əlavə, bu universitetlərdə təşkil olunacaq konfrans, "dəyirmi masa" və müzakirələrdə amerikalı və digər ölkələrdən olan tələbələrin, müəllim heyətinin, ABŞ-ın müxtəlif ictimai qurumlarının nümayəndələri iştirak edəcək.

Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə tədbirlər Kanada, Avstraliya və Yeni Zelandiyada da keçiriləcək.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti