Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamenti İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi.
Trend-in məlumatına görə, millət vəkili Fazil Mustafa müzakirələr zamanı bildirib ki, taksilərdə taksometrlərin olmaması həqiqətən də böyük bir problemdir. "Taksometr olmayan zaman taksiyə minərkən psixoloji gərginlik yaranır", - Mustafa bildirib. Millət vəkili həmçinin qeyd edib ki, bu əlavələri tətbiq edən zaman taksi sürücüləri üçün də müəyyən şərait yaradılmalıdır - onlar müəyyənləşdirilmiş taksi dayanacaqları ilə təchiz olunmalıdır, taksi sürücülərin birliyi, onların hüquqlarını müdafiə edən cəmiyyətlər yaradılmalıdır.
Millət vəkili Elmira Axundova çıxışında əlavələrdə qeyd olunan avtobus sürücülərinə yönələn müddəalara diqqət çəkib. Onun sözlərinə, şəhərlərarası və şəhərdaxili avtobusların sürücülərinin rəftarları qənaətbəxş deyil.
Millət vəkili Qüdrət Həsənquliyev təyin olunmuş normadan artıq yük daşınmasına görə tətbiq olunacaq cəriməyə münasibət bildirərək deyib ki, yük avtomobillərinin sürücüləri yoxlamalardan azad olunarlarsa və yollar müvafiq standartlara cavab verərsə, onların normadan artıq yük götürməsinə ehtiyac olmaz.
Spiker Oqtay Əsədov cavab olaraq Azərbaycanda yol infrastrukturunun kifayyət qədər beynəlxalq standatlara cavab verdiyini bildirib və qeyd edib ki, yük avtomobillərində əlavə yük daşımaq üçün yer quraşdırılıb.
Həmin əlavə və dəyişikliklərdə "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşınmalarının həyata keçirilməsi, avtobuslarda siqaret çəkilməsi, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmaması, müəyyən edilmiş tarifdən artıq gediş haqqı alınması, şəhərdaxili marşrutlarda radio və maqnitofondan istifadə olunması inzibati xəta hesab olunur.
Həmin pozuntulara yol verən sürücülərin 40 manatdan 50 manatadək cərimələnməsi nəzərdə tutulub.
İnzibati Xətalar Məcəlləsinin sərnişindaşıma qaydalarının pozulması ilə bağlı maddələrinin icrasına Nəqliyyat Nazirliyi nəzarət edir.
Azərbaycan Parlamenti İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib
Azərbaycan Parlamenti İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi.