...

Azərbaycanın müxalifət partiyasının sədri barəsində istintaq yekunlaşır

Cəmiyyət Materials 28 Mart 2011 16:53 (UTC +04:00)
Pənahlının vəkili Samir İsayev bazar ertəsi Trend-ə bildirib ki, müstəntiqin verdiyi məlumata görə, yaxın günlərdə istintaqın yekunlaşması barədə qərar elan olunacaq.
Azərbaycanın müxalifət partiyasının sədri barəsində istintaq yekunlaşır

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı barəsindəki cinayət işinin istintaqı yekunlaşmaq ərəfəsindədir.

Pənahlının vəkili Samir İsayev bazar ertəsi Trend-ə bildirib ki, müstəntiqin verdiyi məlumata görə, yaxın günlərdə istintaqın yekunlaşması barədə qərar elan olunacaq. Vəkil istintaqın qərarından sonra özünün və müdafiə etdiyi şəxsin cinayət işinin materialları ilə tanışlığa başlayacağını deyib.

İsayev Pənahlıya elan olunan ittihamda hər hansı dəyişikliyin ediləcəyi ehtimalı olmadığını vurğulayıb.

Yanvarın 7-də, gecə 21:20 radələrində Bakı şəhər sakini Eldəniz Rzayev mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun Fərzullayev tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.

Onun məlumatı əsasında Pənahlı və Fərzullayev saxlanılıb.

Saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onlar barəsində Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 10-da 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı məlum olub ki, insident maşın alqı-satqısı ilə bağlı yaranan mübahisə zamanı baş verib.

Döyülən şəxs Pənahlıdan maşın alıb. Hadisə baş verən gün Mirəli Qaşqay küçəsində həmin maşında texniki nasazlıq yaranıb. Rzayev Pənahlıya zəng edərək avtomobilin xarab olduğunu bildirib. Bundan sonra Pənahlı Rzayevlə görüşüb və aralarında yaranan mübahisə zamanı Pənahlı onu dəmir parçası ilə döyüb.

Nazirlik Pənahlının həbsinin Azərbaycan İslam Partiyasının sədrinin həbsi ilə əlaqəli olması barədə bəzi KİV-lərdə yayılan məlumatları təkzib edir.

Xəbər lenti

Xəbər lenti