...

Azərbaycanın ədliyyə naziri Avropa Məhkəməsinin gələcək fəaliyyəti ilə bağlı müzakirələrdə iştirak edib

Cəmiyyət Materials 2 May 2011 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Avropa Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliyinin artırılması məqsədilə Avropa Şurası tərəfindən Türkiyənin İzmir şəhərində məhkəmənin gələcəyinə dair yüksək səviyyəli konfrans keçirilib.

Avropa Şurasının üzv və müşahidəçi dövlətlərinin ədliyyə və xarici işlər nazirlərinin, digər yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiyi bu konfransın açılışında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və ədliyyə naziri Əhməd Qəhrəman, Avropa Şurasının baş katibi Torbyorn Yaqland, AŞPA-nın sədri Mövlud Çavuşoğlu, Avropa Məhkəməsinin sədri Jan-Pol Kosta, insan hüquqları üzrə Avropa komissarı Tomas Hammarberq çıxış edib, Avropa Məhkəməsinin səmərəsinin artırılması, mövcud problemlər və onların həlli ilə bağlı müzakirələr keçirilib.

Trend-in Azərbaycan Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən ölkəmizin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Məhkəməsinin restrukturizasiyası, daha effektiv mexanizmlərin tətbiqi ilə bağlı təkliflər verib, ölkəmizdə insan haqlarının müdafiəsi üzrə həyata keçirilən mütərəqqi islahatları qeyd edib.

Həmçinin, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın beşdə birinin işğal olunması, 1 milyon soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsi, bununla da Avropa Konvensiyası ilə qorunan insan haqlarının kobud pozulması konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfransın sonunda Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müvafiq fəaliyyət planını nəzərdə tutan bəyannamə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti